Bugünlərdə ABŞ-ın İrana qarşı tətbiq edilən əsas sanksiyaları aradan qaldıracağı, bu ölkənin dünya bazarına neft ixracatını artırmasına şərait yaradacağı və bütün bunların fonunda Rusiya iqtisadiyyatına zərbə vuracağı ilə bağlı iddialar səslənməkdədir. Bəzi siyasilər hesab edir ki, ABŞ bu yolla neft satışından ciddi gəlir əldə edən Rusiyanın maraqlarına zərbə vurmaqla yanaşı, İranı iqtisadi baxımından Rusiyanın rəqibi halına gətirməklə iki dövlət arasındakı müansibətləri gərginləşdirməyə çalışır.
Dünya gücləri arasında aparılan bu mübarizənin Azərbaycan üçün arzuedilməz nəticələr doğura biləcəyi də istisna edilmir. Mütəxəssislər hesab edir ki, əgər bu iddia özünü doğrultsa və ABŞ İran neftinin dünya bazarına tam həcmdə çıxmasına şərait yaratsa, o zaman bundan yalnız Rusiya deyil, həm də Azərbaycan iqtisadiyyatı ciddi zərər görəcək. Buna səbəb Azərbaycanın əsas gəlirlərinin neft pulları hesabına formalaşması ilə bağlıdır. Bu isə o deməkdir ki, əgər İran nefti dünya bazarına kifayət qədər yol taparsa, o zaman neftin qiyməti aşağı düşəcək, nəticədə Azərbaycanın dövlət büdcəsinə daxil olan vəsaitlərin miqdarı əhəmiyyətli dərəcədə azalacaqdır.
Moderator.az-a açıqlama verən iqtisadçı-ekspert İlham Şaban isə hesab edir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi gözlənilən deyil. Ekspertin fkrincə, Ukraynada baş verən olayların neftin qiymətinə təsir göstərəcəyi ilə bağlı səslənən iddialar da özünü doğrultmayıb:
“Mən bu cür fikirlərə inanmıram. İlin 5 ayının yekunlarına görə “Brent” neftinin orta qiyməti 109 dollardan baha olub. İraq hadisələrindən sonra isə maksimum qiymət 113 dolları belə aşıb. İraqda neft infrastrukturlarının sıradan çıxması, bir sıra neft yataqlarının isçamçı qruplarının əlinə keçməsi və bununla da hasilatın kəskin azalması təhlükəsi var. Bu zaman İranın neft hasilatını artırması yalnız həmin həcmlərin bazarda kompensasiya edilməsinə yönələ bilər. Yəni dünya bazarında qiymətlərin aşağı düşməsi ilə hər hansı bir hadisə proqnoz çətin güman edilir. Bu baxımdan Ukrayna hadisələri ilə bağlı da deyilirdi ki, neftin qiyməti 70 dollara qədər ucuzlaşacaq, ancaq ötən dövr göstərdi ki, belə bir şey bazarda yaşanmadı”.
Seymur Əliyev