Bu gün Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Akademik Nizami Süleymanov da 15 iyunu millətin və məmləkətin qurtuluş günü kimi qəbul edənlərdəndir.
Moderator.az onun bu gün haqqındakı fikirlərini
öyrənib:
“Qurtuluş günü Azərbaycan xalqının tarixində ən
əlamətdar günlərdən biridir. Bu gün məhz mərhum prezidentimiz Heydər Əliyev Azərbaycanımızı
parçalanmaqdan xilas elədi. Həmin vaxtlar ermənilərin Rusiyanın dəstəyi ilə ən
azı birinci mərhələdə Kür çayına qədər AZərbaycan ərazilərini işğal etmək niyyəti
vardı. Heydər Əliyev olmasaydı, Ermənistan Azərbaycanın indiki kimi 20 faiz
deyil, ən azı 50 faiz ərazisini işğal edəcək, sonra da şimalda və cənubda da xarici
qüvvələr tərəfindən körüklənən separatçılıq meylləri bütövlükdə dövlətçiliyin məhvinə
gətirəcəkdi.Keçmiş hakimiyyətdəkilərin səriştəsizliyi, Pənah Hüseynovun dili ilə
desək, ölkədəki “bespredel”, hakimiyyətsizlik şəraiti acınacaqlı vəziyyət
yaratmışdı və etiraf etmək lazımdır ki, Heydər Əliyevin gəlməsi Azərbaycan
xalqının xilası oldu. Son yüzilliklərdə Azərbaycan xalqı və ərazilərimiz
üçün bəlkə də ən təhlükəli vəziyyət
yaranmışdı. Ölkədə kimin nəzarətində olduğu dəqiq bilinməyən silahlı
qruplaşmalar, idarəetmədəki xaos elə bir vəziyyət yaratmışdı ki, xalq
ümidsizlik uçurumunda idi. Bir sözlə, Azərbaycanı dəhşətli fəlakət gözləyirdi. Ona
görə də hesab edirəm ki, Heydər Əliyev kimi geniş dövlətçilik təcrübəsi olan
nadir keyfiyyətlərə malik bir nəhəng insanın hakimiyyətə qayıtması artıq
danılmaz tarixi zərurət idi və əgər o gəlməsəydi, inanmıram ki, bu gün Azərbaycan
adlı bir dövlət mövcud olmuş olaydı.”