İyunun 17-də Azərbaycan yazıçılarının XII qurultayı keçiriləcək. Həmin qurultaya seçilmiş nümayəndələrdən biri də şair Məmməd Tahirdir. Moderator.az qurultayla bağlı onun fikirlərini öyrənib
-Ötən qurultay on il bundan əvvəl keçirilib. Bildiyimizə görə qurultay
beş ildən bir keçirilməlidir. Növbəti qurultayın belə yubadılması hansı zərurətdən
doğurdu?
-Qurultayın keçirilməsi adətən müəyyən təşkilati iş tələb edir.
Ola bilsin, gecikmənin səbəbi də bununla bağlıdır. Amma etiraf etməliyəm ki, bu vəziyyət
ədəbi ictimaiyyət arasında birmənalı qarşılanmadı. Hətta bir çoxları əsas səbəbin
Yazıçılar Birliyinin indiki rəhbərliyinin öz mövqeyini qorumaq istəyi ilə izah
etməyə çalışdılar. Təbii ki, bu narazılıqda subyektiv amillər də əsas rol oynayırdı. Heç kimə sir deyil ki, bir çox qələm sahibi Anarın idarəçiliyindən
narazıdır. Bilirsiniz ki, yazıçılara evlərin paylanmasında, Prezident təqaüdünün
verilməsində hər kəsi razı sala bilmərsən. Görünür, yazıçılar arasında Anara
qarşı atipatiyanın yaranmasında bu münasibətlərin də payı az deyil. Bununla belə
narazı kəslər bir sıra məqamlarda haqlıdırlar. Həqiqətən müxtəlif qələm əhlinə
bəzən ikili standartla yanaşma halları müşahidə olunur. Bu da haqlı olaraq
söz-söhbətlərə rəvac verir.
-Belə qurultayların keçirilməsi yazıçılara nə verir? Yəni yüksək səviyyəli
əsərlər yazmaqda təsiri olurmu?
-Məncə yazıçı oturub əsərini yazmalıdı. Rəhbərlikdə kimin olmağının nə
önəmi var? Əksinə intiriqalar vaxt aparır, yazıçının əsəblərinə təsir edir. Nəticədə
yazılası yaxşı bir əsər intiriqanın qurbanı olur.
-Yeni qurultaydan nə gözləyirsiniz?
-Anar ağıllı adamdı. Məncə, o da bu cür intriqalardan yorulub və öz müsbət
imicini yenidən bəpra etmək üçün sürpriz addım ata bilər. O, bəlkə də əvvəldən
bu intriqalar mərkəzində dayanmasaydı, nəinki Azərbaycan, hətta dünya səviyyəsində
ziyalı kimi tarixə düşərdi. Həqiqətən bu adam vaxtında çox işlər görüb. Həm
yazıçı kimi, həm də ictimai xadim kimi. Düşünürəm ki, indi estafeti gənclərə ötürməyin
vaxtı çatıb.
-Kimi real namizəd görürsünüz?
-İstedadlı yazıçılar çoxdu. Amma tək yazıçılıqla iş aşmır. Müəyyən idarəetmə
təcrübəsi də vacibdir. Məncə, Yazıçılar Birliyinin yeni sədri gənclərdən
olmalıdır. Mətbuatdan oxudum ki, AYB-nin Gənlər üzrə katibi Rəşad Məcidin
adı da Anarın yerinə namizədlər arasında çəkilir. Düzü, buna çox sevindim.
Güman edirəm ki, əgər o, seçilərsə bu, işimizin xeyrinə olar. Gözlənilməzliklər
də istisna deyil. Ola da bilər, köhnə sədr yenə də qalıb fəaliyyətini davam
etdirsin. Baxıb görərik. Hər şey kiçik zaman ərzində bəlli olacaq. Ümid edirəm
ki, XII qurultay tarixi bir hadisə kimi hamımızın yadında qalacaq.