Şimali İraqın Kərkük şəhərində bir peşmərgənin (kürd partizanı) Türkiyənin “Hürriyet” qəzeti müxbirinə söylədiyi aşağıdakı cümlə bir çox qaranlıqlara işıq salacaq mahiyyətdədir: “İraq ordusu İŞİD-ə qarşı heç bir müqavimət göstərmədən buraları tərk etdi”.Daha sonra Kərkükü böyük ölçüdə işğalçılardan azad etdiklərini deyən döyüşçu İŞİD yaraqlılarına bu şəhəri almağa imkan verməyəcəklərini bildirib.
Təsəvvür edirsinizmi, nizami ordunun duruş gətirməyib yağıya təslim etdiyi srtateji önəmə sahib bölgəni peşmərgələr azad edə bilir. Bu, təbii ki, partizanların nizami ordudan daha mübarizliyini yox, bəlkə də dövlət iradəsinin məğlubiyyətdən yana olduğunu göstərir. İraq ordusunun indiyə qədər Mosul, Səlahəddin, Samirə şəhərlərindən çəkilərək Bağdada toplandığı, Baş nazirin yaratdığı Dəclə Əməliyyat Gücü adlı hərbi birləşmənin və 12-ci diviziyanın da paytaxta çağrıldığı gələn bilgilər arasındadır. Görünən budur ki, İraqın artıq ən azı ikiyə bölünməsinə, şimalda qeyri-müəyyənliyin hökm sürməsinə, cənubda şiə hakimiyyətinin daha da güclənməsinə start verilib.
Şimali İraqın əsas hədəf olaraq seçilməsinin isə məncə, bir neçə səbəbi var. Başlıca səbəb İraq neft ehtiyatının hardasa 40%-ni əlində cəmləşdirən bölgənin kürdlərdən geri alınması və qızışdırılacaq məhzəb savaşlarında buradan lojistik məkan olaraq istifadə edilməsidir. Bir zamanlar kürdlərin idarəçiliyinə verilmiş Şimali İraqın birdən-birə onlardan alınması da səbəbsiz deyil. Kürdlər onlara hədiyyə edilən bu mükafatdan tarns-milli neft şirkətlərinin istədikləri kimi istifadə edə bilmədilər. Özlərini öz torpaqlarının ağası hesab edib iqtisadi maraqlarına cavab verən tərzdə neft müqavilələri bağlamağa çalışdılar. Şimali İraq yönətiminin Türkiyəylə bağlamağa çalışdığı anlaşmanın xəbəri yayılar-yayılmaz isə məlum hadisələr baş verdi.
Əslində Şimali İraq yönətiminin bu addımı atması Türkiyəyə olan sayqıdan irəli gəlmirdi. Sadəcə, Mosul neftinin dünya bazarına çıxarılmasının onlar üçün bundan daha məqbul variantı yox idi. Şimali İraq coğrafi məkan olaraq elə mövqedə yerləşib ki, zəngin neft yataqlarından istehsal olunan təbii sərvəti ya cənub vasitəsilə Fars Körfəzinə, ya da Türkiyə üzərindən Aralıq dənizinə çıxara bilərdi. Üçüncü bir seçənək də vardı ki, bu da Suriyanın bölünməsiylə onun şimalında yarana biləcək yeni dövlətin ərazisindən keçərək Aralıq dənizinə çıxış idi. Bəşər Əsəd rejiminin gözləniləndən daha möhkəm çıxması və müqavimətini indiyə qədər sürdürməsi bu variantı hələlik imkansız hala gətirmişdi. Şimali İraq neftinin Fars Körfəzi vasitəsilə nəqli isə kürd yönətiminin müstəqillik ideallarına cavab vermirdi. Beləcə, Mosul neftinin Türkiyə ərazisindən nəqlindən başqa bir seçənəyi qalmamışdı. Bu marşrut həm də iqtisadi cəhətdən daha sərfəli olduğundan ona qərar verilmişdi.
Əslində Şimali İraq yönətimi də Türkiyəyə bu cür möhtac olmağı arzulamırdı. Əksinə qardaş ölkənin parçalanmasının, onun cənub-qərb hissəsini öz ərazisinə qatmağın və öz sərvətinin gətirdiklərini heç kimsəylə paylaşmadan Aralıq dənizinə daşımağın xəyallarını qururdu. Fəqət əsrlər boyu dövlətçilik gələnəkləri olan Türkiyənin oynadığı incə siyasət bu ideyanın reallaşmasının önünü kəsmiş, təbii sərvətindən istifadə edərək iqtisadi cəhətdən yüksəlməyi və bir dövlət kimi formalaşmağı arzulayan kürd yönətimini özündən asılı vəziyyətə salmışdı.
Qısacası, arzulmasa da ən optimal variantın Türkiyəylə iqtisadi əlaqələrdə görən Şimali İraqın atdığı bu addım özünün sonunu gətirdi. Beynəlxalq güclər praqmatik dəyərlərin ön plana çıxdığı bölgədə seperatçı millətçilik şüurunun işə yaramadığını görüb planı dəyişdilər-İslam dünyası məzhəb savaşları ilə parçalanmalı və bir-birinin qanına susamalıydı.
Nə yazıq ki, bunun üçün münbit şərait də mövcuddur. Yüzillərlə yerli və imperialist zülmə məruz qalan müsəlman dünyası radikallaşmış, aşırı dini dəyərlər ön plana çıxmış, vətəndaşlar savadsızlaşdırılmış, kasıbçılıq, basqı möminləri imperialistlərin əlində olan qeyri-ənənəvi cərəyanların qucağına atmışdı. Bu dini cərəyanlar nə qədər qeyri-ənənəvi olsalar da onların söykəndikləri ədavət ideologiyası isə ənənəvidir və hiyləgərcəsinə düşünülmüş plandır. Tarixboyu islam toplumunu geri salan, qardaş qanı tökməyə sürükləyən məhzəbçiliyin qızışdırılması coğrafiyadakı bütün siyasi iradələri iradəsiz hala gətirə və onu yumşaq plastirin kimi istənilən formaya sala bilərdi.
Şimali İraqın İŞİD-in ixtiyarına verilməsi də məhz bu siyasətinin tərkib hissəsidir. Bundan sonra İslam coğrafiyasında şiə zolağı yaradılmalı və o, sünni siyasi iradəsi ilə çarpışmalara cəlb olunmalıdır. Həmin şiə zolağı tarixən mövcud olan coğrafiyada İrandan başlayaraq Cənubi İraqı keçməli, Suriyaya qədər uzanmalıdır. Zolaq istər cənubunda, istərsə də şimalında məskunlaşan sünnü dövlətlərlə çarpışmalar yaşamalı, İslam dünyası xarabazara çevrilməli, bir neçə yerli bölgəsəl güc və qlobal imperializm bu vəziyyətdən yararlanaraq zənginləşməlidir.
İslam dünyasının bu girdaba artıq sürükləndiyi və asanlıqla oradan çıxa bilməyəcəyi müşahidə olunur. İraq ordusunun heç bir müqavimət göstərmədən ölkənin şimalında yerləşən bir sıra şəhərləri könüllü olaraq İŞİD-ə ötürməsi və ordu birliklərini cənuba çəkməsi, İranın və Suriyanın əl-Maliki hökumətinə lazım gələrsə hərbi yardım edəcəkləri vədini verməsi, İraq şiələrinin ən böyük din xadimi ayətullah Sistaninin bütün şiələri və xalqı İŞİD-ə qarşı cıhada çağırması sözügedən zolağın artıq yarandığından xəbər verir.
Sözsüz ki, hadisələrin bu həddə çatmasında İranın və Suriyanın dövlət maraqları da mühüm rol oynayır. İraqın parçalanması və məzhəb savaşları poliqonuna çevrilməsi rəsmi Tehranın rahatlıqla onun cənubuna hakim olmasını təmin edər, dünyanın ən böyük neft resurslarından biri hesab olunan Bəsrənin ələ keçirilməsini asanlaşdırar. Suriya isə əsas düşməniylə öz sərhədlərindən kənarda, həm də İraq əhalisi vasitəsilə döyüşmək imkanı qazanar.
Əlbəttə, Suriya və İranın açıq şəkildə əl-Maliki hakimiyyətini dəstəkləməsi sünnü İslam dünyasında cavabsız qalmayacaq, başda Səudiyyə Ərəbistanı olmaqla digər ərəb dövlətləri də hadisələrdə yer almağa çalışacaqlar. Onların ən azı öz xalqlarının nifrətindən çəkinib bu proseslərdən uzaq qalmaq şansları olmayacaq. Üstəlik, İraq neftinin İran kimi əzəli düşmənin əlinə keçməsi və onun Suriya ilə coğrafi maneəsinin aradan qalxması coğrafiyanın bütün dövlətləri üçün ciddi təhdid deməkdir. Məhz bu təhdidi və Şimali İraqda yaşayan türkmən əhalisinin təhlükəsizliyini, petrostrateji maraqlarını nəzərə alan Türkiyənin də hadisələrdə bir şəkildə yer almasını gözləyə bilərik. İŞİD-in Mosuldakı türk diplomatları əsir götürməsi əslində qlobal siyasi iradənin də bunu arzuladığını göstərir.
Bir sözlə, Yaxın Şərqdə genişmiqyaslı məhzəb savaşlarını əngəlləyə biləcək səbəblər yavaş-yavaş ortadan qalxır və bölgə daha isti günlərə doğru sürüklənir. Azərbaycan da İslam dünyasının bir parçasıdır və çarpışan qüvvələr arasında xeyli soydaşlarımız var. Məhz buna görə də yaşanacaq proseslərdən biz də kifayət qədər təsirlənə bilərik.