Ð’Ð şirkəti Bakı 2015 Avropa Oyunlarının Əməliyyat
Komitəsi (BEGOC) ilə əməkdaşlıq sazişi imzalayıb.
Sazişi Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı
direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və BP şirkətinin Azərbaycan
Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti İan Saderlənd imzalayıb.
Sazişə əsasən, BP həmçinin Azərbaycanda yüksək dərəcəli idmançıların
hazırlanmasına dəstək verəcək.
Azad Rəhimovun sözlərinə görə, BP şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət
göstərir və ölkəni dərindən tanıyır. "BP bütün dünyada böyük beynəlxalq
idman tədbirlərinin dəstəkənməsində böyük təcrübəyə malikdir və biz onu Avropa
Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən məmnunluq duyuruq. Mən əminəm
ki, BP-nin dəstəyi bu oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə
yardım edəcək, eləcə də idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha
da inkişaf etdirilməsinə köməklik edəcək".
BEGOC Əməliyyat Komitəsi yaxın vaxtlarda Avropa Oyunlarına maraq göstərən 5-6
şirkətlə də saziş imzalayacaq. Avropa Oyunlarının 18 sponsoru olacaq.
BP-nin vitse-prezidenti İan Saderlənd deyib ki, bu təşəbbüs yüzlərlə Azərbaycan
gəncinin yeni bacarığa və biliklərə yiyələnərək ölkənin potensialına töhfə
verməsi üçün gözəl bir imkandır. "BP şirkəti Azərbaycanın bacarıq və
potensiallarının yaradılması istiqamətində göstərdiyi ümumi səyləri
gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras
qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunliq duyur. Azərbaycan yığmasının
London Olimpiadasında iştirakını dəstəklədik, Olimpiya və Paraolimpiya
Komitələri ilə əməkdaşlıq müddətini 2016-cı ilə uzatdıq”, - deyə o qeyd edib.
Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleq bildirib ki, BP-nin
iştirakı Bakı Avropa Oyunlarına necə böyük əhəmiyyət verdiyini göstərir.
Bakı Avropa Oyunları 12-28 iyun 2015-ci ildə 19 idman növü üzrə keçiriləcək.
Doqquz idman növündə 2016-cı ilin Olimpiya Oyunlarına lisenziya veriləcək.
Oyunlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Bakı Avropa
Oyunlarında 1 mln-dan çox izləyici olacağı gözlənilir.(Amerikanın səsi)