“Lavrovun Bakıya zamanı Azərbaycana qarşı deyil, Ermənistana qarşı cididi bəyanatla çıxış edəcəyi gözlənilir”. Bunu Moderator.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, RF XİN başçısı Sergey Lavrovun Azərbaycana qarşı ultimatum verəcəyi inandırıcı görünmür:
“Bu gün artıq Rusiya Azərbaycanla əlaqələrdə təzyiq metoduna deyil, əksinə daha yüksək səviyyəli, bərabər hüquqlu münasibətlərə üstünlük verir. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanın əhəmiyyətini dərk edir. O ki, qaldı Rusiya öz mövqeyini ortaya qoymağ, bu ancaq danışıqlar məsələsində çox ehtiyatlı formada ortaya qoyula bilər. Bu təkliflərin qəbul edilib-edilməyəcəyi Azərbaycan tərəfindən asılıdır.”
Politoloq deyib ki, bu baxımdan da ən azı yaxın dövr üçün iki ölkə arasındakı münasibətlərdə gərginlik axtarmaq mümkün deyil:
“Azərbaycan hər zaman Rusiya ilə normal münasibətləri qoruyub saxlayıb. Baxmayaraq ki, Rusiyada bəzi ermənipərəst qüvvələr bu münasibətləri korlamağa çalışıblar və Rusiyanı Azərbaycana düşmən kimi göstərməyə çalışıblar, amma buna nail ola bilməyiblər.”
Lavrovun Bakıda müzakirə edəcəyi məsələlərə toxunana Əhmədoğlu deyib ki, ikitərəfli münasibətlərdəki həllini gözləyən və bu münasibətlərin daha yüksək səviyyəyə qaldırılması məsələləri ilə yanaşı, regional təhlükəsizlik, əməkdaşlıq və Qarabağ məsələsi müzakirə olunacaq:
“Ən ciddi müzakirə olunacaq məsələlər isə regional təhlükəsizlik və Qarabağ məsələsi olacaq. Çünki regionda yeni proseslər başlayıb. Abxaziyada, Suriyada və Ukraynada baş verən hadisələrin yaxın gələcəkdə Şimali Qafqazda cəmləşmə ehtimalı var və bu da Rusiyanı ciddi narahat edir. Şimali Qafqaz məsələsində isə Rusiyanın ən yaxın müttəfiqlərindən biri Azərbaycandır və bu məsələdə Rusiya ilə həmfikirdir.”
Qarabağ məsələsinə gəldikdə isə politoloq bildirdi ki, bu problemin həllində Rusiyanın dəstəyi və həllinə yardım məsələsi müzakirə olunacaq:
“Hesab edirəm ki, Lavrov Qarabağla bağlı bir il bundan öncə Moskvada səsləndirdiyi bəyantı yenidən Bakıda daha sərt formada təkrar edəcək və erməniləri işğal etdikləri torpaqlardan çıxmağa çağıracaq. O, eyni zamanda torpaqların işğaldan azad edilməsi müqabilində Azərbaycanın Ermənistana qarşı blokadasını götürməyi təklif edəcək. Bu baxımdan da mən digərlərindən fərqli olaraq Lavrovun Bakıda Azərbaycan hakimiyyət nümayəndələri qarşısında hər hansə tələb qoyacağı fikrini bölüşmürəm. Yəni Azərbaycan artıq o Azərbaycan deyil ki, onunla ultimatum dilində danışılsın və ya qarşısına hansısa tələblər qoyulsun ki, bunu etməlisən”.