Moderator.az-a müraciət
edən bir neçə sahibkar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin onlardan sertifikatlaşdırma adı altında haqsız ödəmə tələb etdiklərini
bildirirlər. Onların dediklərinə görə pərakəndə
satış obyektlərində satılan mallardan sertifikat tələb olunmasında əksər
hallarda qanunvericiliyin tələbləri pozulur.
Belə ki, qanunvericilikdə yalnız idxal və istehsal olunmuş malların
sertifikatlaşdırılması nəzərdə tutulur. Onlar isə nə istehsal, nə də idxal edən
tərəfdirlər və satdıqları malları əsasən topdansatış bazalarından alırlar. Dolayısıyla,
pərakəndə satış obyektlərində satılan əksər malların istehlaka yararlılığı
haqqında heç bir sənəd olmur. Bu cür sertifikatları malları idxal, yaxud
istehsal edən obyektlər almaldır və alırlar da. Maraqlıdır ki, ticarət obyektlərinə
ödəniş üçün verilən qəbz də belə açıq şəkildə bu sənədin idxal və istehsal
olunan mallara verildiyi yazılır.
Sertifikatın eyni anda bütün satış obyektlərindən tələb
olunması sahibkarların heç cür baş aça bilmədikləri məsələlərdəndir. Çünki bir malın
istehlaka yararlılığı yalnız bir dəfə yoxlanıla və bununla bağlı müvafiq sənəd
verilə bilər. Eyni malın bütün satış obyektlərində sertifikatlaşdırılmasının isə
heç bir məntiqi açıqlaması yoxdur. Üstəlik, bu malların istehlaka yararlı olub
olmadığı belə yoxlanılmır. Sadəcə pul tələb olunur və pul ödənildikdən sonra sahibkarlara
qəbz verilir. Sahibkarlar bir malın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə “haqq verildikdən” sonra niyə yararlı olduğunu isə
anlaya bilmirlər.
Onları narahat edən digər məsələ isə mala verilən sənədin
onun özündən baha olmasıdır Sahibkarlar bu ödənişi
ödədikdən sonra nəinki o malların satışından heç nə qazana bilmirlər, əksinə zərərə
uğrayırlar. Şikayətçilərdən biri deyir: “Məsələn, satış yerlərində bir unitazın
qiyməti 60 manatdır. Sertifikat üçün isə 130 manat pul tələb olunur. Biz faktiki
olaraq bir unitaz üçün 2 unitazın pulunu verib onun alverini etməliyik. Bir unitazdan
qazandığımız isə qəpik-quruşla ölçülə bilər. Üstəlik, bu cür mallara tələbat da
sən deyən çox deyil. Belə vəziyyətdə həmin malın satılmasından imtina etməkdən
başqa çarəmiz qalmır. Bunu isə edə bilmirik. Çünki bütün ticarət obyektləri
bir-biriylə rəqabət halındadırlar. Rəqabət edə bilmək, alıcıların diqqətini cəlb
etmək üçün malların çeşitlərini artırmağa məhkumuq. Bizim bu vəziyyətimizdən Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi yararlanır”.
Şikayətçilərin dilə gətirdikləri
əsas məqamlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin təsərrüfat hesablı idarə olması ilə bağlıdır. Istehlaka yararlılığı
ölçən bir idarənin bu xüsusiyyəti istər-istəməz onun işçilərini daha çox qazanc
əldə etməyə təşviq edir. Onların həm qanunsuz üsullara əl atmalarına, həm də
yararlı olmayan mallara belə sertifikat vermələrinə yol açır. Nəticədə yalnız
satıcıların haqqı pozulmur. Eyni zamanda istehlakçılar da zərərə uğrayırlar. Zira
belə vəziyyətlərdə sertifikatlar malların keyfiyyəti üçün yox, komitənin büdcəsini
doldurmaq məqsədiylə verilir.
Əməkdaşımızın məsələ
ilə bağlı mövqeyini öyrəndiyi iqtisadi-ekspert Elçin Qubanov bu haqda əlində
konkret məlumatın olmadığı desə də, sahibkarların dilə gətirdiyi faktları təkzib
də etmədi. Onun bildirdiyinə görə, bənzər şikayətlər və informasiyalar onun da
qulağına çatıb: “Əgər doğrudan da bu faktlar varsa, deməli, qanunvericiliyin
bir sıra müddəaları pozulur. Xüsusilə də “Sahibkarların hüquqlarının qorunması,
sahibkarlıq subyektlərində yoxlamaların aparılmasının tənzimlənməsi haqqında Azərbaycan
Respublikası Qanunu"nun tələbləri. Qanunun tələblərini həyata keçirən Ədliyyə
Nazirliyinin müvafiq qurumları bu şikayətləri nəzərə alıb dərhal hərəkətə keçməli,
qanunsuz yoxlamaların qarşısını almalıdır. Əks halda bu sahədə fəaliyyətin yetərsizliyi
ölkə iqtisadiyyatının inkişafına ciddi zərər vura bilər, sahibkarı dövlətdən
küsdürər, investorların xaricə qaçmasına şərait yaradar. Bu isə əmək bazarı
olan sahibkarlıq fəaliyyətinin süqutu deməkdir.”
Mövqeyini
işıqlandırmaq üçün gün ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin qaynar xəttinə etdiyimiz zənglərə cavab verən olmadı. Redaksiya
olaraq onların da məsələylə bağlı münasibətini dərc etməyə hazırıq.