Moderator.az xəbər verir ki, mayın 28-də -
Respublika Günü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov rayonu ərazisində
yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün
yeni tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.
Tədbirdə
respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov
iştirak etmişdir.
Əvvəlcə daxili işlər nazirinin qarşılanması olmuş, nazir
müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov
general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə
raport vermişdir.
Sonra
general-mayor Şahin Məmmədov çıxış edərək yeni kompleksin açılışının
Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri, bunun Azərbaycan
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən
Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş, hərbi
qulluqçular adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.
Qeyd
olunmuşdur ki, inşasına 2011-ci ilin oktyabr ayında
başlanmış 12 mərtəbəli yeni kompleksin uşaq bağçası da daxil olmaqla, ümumi sahəsi 9500 kvadratmetrdir. Binada ümumilikdə 102 mənzil var və onların hər biri zəruri
avadanlıqlarla təchiz edilmişdir.
Daha sonra daxili işlər naziri Ramil Usubov
çıxış edərək tədbir iştirakçılarına ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin salamlarını və təbriklərini çatdırmış, yeni
mənzillərin sahiblərini və ailə üzvlərini təbrik etmiş, onlara xoşbəxtlik,
cansağlığı və uğurlar arzulamışdır.
O, zati-aliləri
cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət
nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda
böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının
daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını
vurğulamışdır. Nazir demişdir ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif
təyinatlı onlarca obyekt, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün
yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz
edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilmişdir. Bildirilmişdir
ki, yüksək səviyyədə inşa olunan yeni yaşayış kompleksinin, həmçinin uşaq
bağçasının istifadəyə verilməsi də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Daxili Qoşunlara göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.
Nazir kompleksin
rəmzi açılışını bildirən lenti kəsmiş, buradakı uşaq bağçasında körpələr üçün
yaradılmış şəraitlə yaxından tanış olmuş, eyni zamanda, hərbi qulluqçulara verilən mənzillərə
baxmışdır.
Daxili Qoşunların yeni tikilidə mənzillə təmin olunan zabit və gizirləri, onların ailə üzvləri göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah
halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını
bildirib.