Xutorda mənzilləri sökülən vətəndaşlar həyətyanı sahələrinə görə, kompensasiya ala bilmir. Bu barədə Moderator.az-ı Xutor saknləri məlumatlandırıb. Onların sözlərinə görə, sökülən mənzillərə görə kompensasiya verilsə də, vətəndaşlara həyətyanı sahələrə görə heç bir ödəniş edilməyib. Söküntü işlərinə rəhbərlik edən yetkililər bildirib ki, onlar ancaq üstübağlı mənzil və yardımçı təsərrüfatlara görə kompensasiya ödəyirlər. Həyətyanı sahələrlə bağlı isə hər hansı ödəniş nəzərdə tutulmayıb. Həyətyanı sahələrə görə kompensasiyanın verilməməsinə etraz edən sakinlər isə hesab edir ki, şəxsi mülkiyyətlərində olan həyətyanı sahələrlə bağlı ödənişlərin verilməməsi özəl mülkiyyətin yağmalanması deməkdir və mövcud qanunvericiliyə ziddir. Vətəndaşlar hesab edir ki, insanların haqqının bu şəkildə qəsb edilməsi ölkədə xüsusi mülkiyyətin toxunulmazlığı ilə bağlı ciddi problemlərin mövcudluğundan xəbər verir.