Bugünlərdə Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev məmur və məmur övladlarının harınlığı ilə bağlı maraqlı fikirlər səsləndirib. Son vaxtlar məmur özbaşınalığının sərhəd tanımadığını bildirən R.Qazıyev, bütün çatışmazlıqlarla yanaşı, sevindirici məqamlara da diqqət çəkib. Eks-müdafiə naziri bildirib ki, bunca dərəbəylik fonunda məmurların sadə vətəndaşları minib sürmədiyinə sevinmək lazımdır.
Şübhəsiz, ağlasığmaz qanunsuzluqlar və özbaşınalıqlar ölkəsinin sakini olan R.Qazıyevin bu qəribə sevincini başa düşmək olar. Ən azından ona görə ki, öz ölkəsində sürgündəki kimi ömür sürən, hər cür hüquq və azdlıqdan məhrum olan, sadə vətəndaşları məmur əyləncələrinin obyektinə çevrilən bir ölkədnin sakinlərinin sevinə biləcəyi tək şey minlib çapılmamaq reallığı ola bilər. Fəqət, R.Qazıyevin bu sevincində də bir “əmma” var. Bu “əmma” isə ondan ibarətdir ki, ölkənin məmur kontingenti sıradan insanları fiziki baxımdan, yəni belinə yəhər-yüyən qoyub minməsə də, onları maddi-mənəvi baxımından o ki var çapmaqdadır. Həm də elə bir şiddət və amansızlıqla çapmaqdadır ki, sadə vətəndalarımızın halına cıdır atlarının belə acıdığı şübhəsizdir. Məhz bu çaphaçapın nəticəsidir ki, ölkədə az qala hər gün dəhşətli intiharlar, özünəqəsd halları müşahidə edilir. Məhz bu qovhaqovun nəticəsidir ki, hər il çoxlu sayda insan ölkə sərhədlərini tərk edərək öz nicatını qərib ölkələrdə axtarır. Odur ki, R.Qazıyevin sevincinə yalnız qismən ortaq olmaq, bu sevinci yalnız qismən bölüşmək mümkündür.
Heyhad, bu gedişlə sadə vətəndaşların ən qısa zamanda fiziki baxımdan da minik vasitələrini əvəz edəcəyi gözləniləndir. Haram pullar hesabına dünyanın ən bahalı avtomobillər ölkəsinə çevrilən, milyonluq maşınların belə psixoloji baxımdan sürətlə adiləşdiyi Azərbaycanda xalqın yoxsul təbəqəsinə məxsus insnaların yeni minik növü kimi dəbə minəcəyi istisna deyil. Bəlkə də düşündüyümüzdən də yaxın gələcəkdə Bakı küçələrində qədim Çində olduğu kimi insan qoşulmuş minlərlə araba hərəkət edədəcək. Və heç şübhəsiz ki, hakimiyyət bu tendensiyasnı Azərbaycanın növbəti uğuru, analoqsuz inkişafının daha bir göstəricisi kimi təqdim edəcək. Yalnız təqdim etməyəcək, həm də özünəməxsus şəkildə “əsaslandıracaqdır”. Məsələn, hakimiyyət iddia edəcək ki, insan qoşulmuş arabalardan istfadə bir sıra baxımdan ciddi üstünlüyə malikdir. Birincisi, bu cür minik vasitələri ekoloji baxımdan təmizdir, yəni təbiətin heç bir komponentinə ziyan vurmur. Atmosferə tüstü buraxmır və s. Habelə, hakimiyyət iddia edəcək ki, bu cür minik vasitələri insanların məşğulluğunun təmini baxımından da mühüm əhəmiyyətə malikdir. Yəni insanlar minik vasitəsinə çevrilməklə öz işsizlik problemini həll edir ki, bu da hakimiyyətin vətəndaşa olan qayğıkeş münasibətinin təcəssümüdür. Və daha bir sürü “arqumentlə” hökumət ata-avtomobilə çevrilməyin necə böyük bir səadət olduğunu “isbatlayacaqdır”.
Bəli, bu gün baş verən proseslərin təhlili göstərir ki, insanlarımızın fiziki baxımdan minilib çapılması dönəmi uzaqda deyil. Bu isə o deməkdir ki, sevincimizin ömrünə çox qalmayıb.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru