“Beynəlxalq təşkilatlar öz prinsipsizliklərinin qurbanıdır”.
Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. Millət vəkilinin bildirdiyinə görə, beynəlxalq təşkilatlar öz prinsiplərinə sadiq qalmadıqları üçün istənilən dövlət onlarla istənilən şəkildə danışa bilər:
“Onlar prinsipli təşkilatlar olsa Azərbaycan da onlarla bu cür danışmaz. Bu təşkilatlar öz prinsiplərini gözləmədiklərinə görə gözükölgəlidirlər. Ona görə də istənilən dövlət onlarla bu formada danışa bilər. Avropa Şurasının rəhbərliyində təmsil olunan bir insan Qarabağa icazəsiz səfər edir, azərbaycanlıları vəhşi adlandırır, daha sonra isə Bakıdan viza istəyir. Azərbaycan hakimiyyəti ona niyə viza verməlidir? Əgər Avropa Şurası həqiqətən də demokratiya uğrunda mübarizə aparsaydı inanmıram ki, hakimiyyət də bu cür davranış ortaya qoyardı. Bu baxımdan ortada təəccüblü heç nə yoxdur. Burada hər hansı anlaşılmazlıq da mövcud deyil. Çünki Avropa Şurası da bilir ki, Azərbaycanın bu cür davranışı onların prinsipsizliyi ilə bağlıdır”.
Seymur Əliyev