AŞPA-nın qarşıdakı iki il ərzində Azərbaycanda komitə iclaslarının keçirilməsini yasaqlaması və hökumətə qarşı kəskin tənqidi fikirlər səsləndirməsi bəzi siyasilər tərəfindən birmənalı qarşılanmayıb. Siyasilərin bir çoxu hesab edir ki, AŞPA rəhbərliyinin bu mövqeyi Azərbaycanda demokratiyanın vəziyyətindən çox, Qarabağa icazəsiz səfər edən qurumun vitse-prezidentinə rəsmi Bakı tərəfindən vizanın verilməməsi ilə bağlıdır.
Bununla bağlı Moderator.az-a açıqlama verən AXCP sədri Əli Kərimli AŞPA-nın bugünlərdə sərgilədiyi prinsipiallığın bu qurumun öz maraqlarından irəli gəldiyinə diqqət çəkdi:
“Təəssüflər olsun ki, AŞPA Azərbaycanda insan hüquqlarının pozulmasına, siyasi məhbusların mövcudluğuna görə belə prinsipiallıq göstərməyib. Prinsip etibarilə oradakı əksəriyyət, baxmayaraq ki, orada idealist insanlar da var, Azərbaycan hökuməti ilə iş birliyi içərisindədir. Avropa Şurasının indi sərgilədiyi prinsipiallıq isə tamamilə başqa məqsədə xidmət edir. Bu prinsipiallıq Azərbaycanın ərazisinə Azərbaycanın razılığı olmadan gələn bir millət vəkilinə qarşı tətbiq edilən sanksiya ilə bağlıdır. Bu, məndə təəssüf oyadır. Avropa Şurası Azərbaycan vətəndaşlarının hüquqları pozulanda prinsipiallıq sərgiləməli idi. Özünün bir üzvünə qarşı belə bir addımın atılmasına görə yox”.
Seymur Əliyev