Moderator.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə açıq mikrofon vasitəsi ilə yerli sakinlərin problem və təkliflərini dinləyib.
Görüşdə 80 nəfərdən çox şəhər sakini iştirak edib.
Sakinlər əsasən işə qəbul, torpaq sahəsinin ayrılması, qəzalı evlərin təmiri, lift problemi, ticarət üçün məkanın ayrılması, evi yanan Qarabağ əlilinə maddi yardımın göstərilməsi, qaz və su ilə bağlı müraciətlər səsləndiriblər. Bir sıra problemlər yerindəcə öz həllini tapıb. Digər şikayətlərin isə nəzarətə götürülərək araşdırılması üçün icra başçısı aidiyyatı qurumlara tapşırıqlar verib.
Şikayətçilərlə yanaşı əvvəlki qəbullarda iştirak edib və problemi həll olunan vətəndaşlar icra başçısına minnətdarlıq bildirmək üçün yığıncaqda iştirak ediblər.
İcra başçısı səyyar qəbuldan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. Bu qəbildən olan tədbirlər gələcəkdə də davam etdiriləcək.