15 mayda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimliyə hökm oxundu. Hakim Novruz Kərimov P.Həşimlini 8 il azadlıqdan məhrum edib. Onunla birgə həbs edilən və Pərviz Həşimliyə qarşı ifadə verən Təvəkkül Qurbanova 8 il 6 ay həbs cəzası verilib.
Prosesdən sonra jurnalistin atası Kamran Həşimov bildirdi ki, oğlu ilə bağlı verilən bu qərarın eynisini Elçin Quliyevə, İlqar Əlliyevin balalarına da arzu edir: “Qoy ”ədalətli məhkəmə"lərdən onlar da paylarını alsınlar. İlk gündən məhkəmənin hansı nəticəyə gələcəyi bəlli idi. Prosesin keçirilmə qaydası, hakimin və prokurorun davranışları göstərirdi ki, onlar ədalətli hökm axtarışında deyillər. İşi araşdırıb həqiqətləri cəmiyyətə açmaq fikirləri yoxdur. Bu məhkəmə onu göstərdi ki, istənilən vaxt bir jurnalistin yazdıqları onların xoşuna gəlməsə, istədikləri formada onu cəzalandıra bilərlər".
P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova isə bildirdi ki, prokuror P.Həşimliyə 9 il iş istəyəndə bu nəticəni təxmin edirdilər: “Onlar iş istəyəndə də, 8 il iş verəndə də Pərvizin himayəsində azyaşlı uşağının olmasını nəzərə almadılar. Bütün məhkəmə prosesi sübut elədi ki, iş necə quramadır, şahidlər necə öyrədilib. Pərviz də, vəkilləri də istintaqı neçə dəfə ifşa elədilər. Amma bununla belə, özləri nə istəyirdilərsə, onlara nə sifariş verilmişdisə, onu da elədilər”.
Müsahibimizdən qızı Zeynəbin son durumdan xəbərdar olub-olmadığını soruşduq. İ.Rüstəmova dedi ki, 5 yaşlı Zeynəb atasını 8 il görməyəcəyini bilmir: “Amma bilir ki, atası həbsdədir, deyir ki, atamı oğrular həbs ediblər. Bu gün eşitdi ki, atasının saxlandığı yeri dəyişəcəklər. Necə sevinir balam buna. Daha bilmir ki, illərlə atasına həsrət qalacaq”.
İ.Rüstəmova dedi ki, P.Həşimli bu qərara hazır idi: “Biz üzülməyək, ağlamayaq deyə özünü çox rahat aparırdı. Amma mən bilirəm ki, bu, onun üçün çox ağır zərbə oldu”.
Jurnalistin vəkili Bəhruz Bayramov da bu qərardan təəccüblənmədiklərini söylədi. Onun sözlərinə görə, keçirilən qeyri-obyektiv məhkəmə istintaqının nəticəsində belə bir hökm veriləcəyi şübhəsiz idi.
Xatırladaq ki, məhkəmə zamanı P.Həşimli zaman-zaman hakimə müraciətlə MTN-in təcridxanasından köçürülməsi üçün prosesin tez bitirilməsini istəyirdi. Jurnalist bunu MTN-də ona qarşı mənəvi təzyiqin olması ilə izah edirdi. Vəkildən jurnalistin 1 saylı İstintaq Təcridxanasına nə zaman köçürüləcəyini soruşduq: “Hökmdən çıxarışı mayın 16-da faksla verəcəklər. Bundan sonra Pərviz MTN-dən köçürülməlidir. Qanunun tələbi belədir. Əslində əvvəldən də MTN-də saxlanılmalı deyildi. Ona görə də indi qəti əminliklə deyə bilmirik ki, yüz faiz köçürüləcək, ya yox. Ola bilsin ki, yenə orda saxlasınlar. Pərviz istintaq dövründə köçürülməli olsa da, qanunun tələblərini nəzərə alan olmadı”.
Müsahibimizin sözlərinə görə, tam bəraətlik olan işdə P.Həşimliyə prokurorun 9 il iş istəməsi, hakimin 8 il iş verməsi isə məhkəmənin qeyri-obyektivliyindən xəbər verir: “Özü də bilirdi ki, bu qədər iş verəcəklər. Son söz çıxışında da buna toxunmuşdu. Biz də bu qərardan apelyasiya şikayəti verəcəyik. Doğrudur, nəticəsinə inanmırıq. Amma gələcəkdə Avropa Məhkəməsinə şikayət verilməsi üçün bu prosedurları keçməliyik”.
Media Hüququ İnstitutu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış doğruluğu şübhəli ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayıb.
MHİ yada salır ki, P.Həşimli 17 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən saxlanılıb, istintaq dövründə məhkəmə qərarı ilə MTN-in təcridxanasında qalıb. Davamlı təqiblərə məruz qalmış jurnalistə silah qaçaqmalçılığı (Cinayət Məcəlləsi, maddə 206.3.2) və qanunsuz silah gəzdirmə (CM, maddə 228.2.1) ittihamları irəli sürülüb. P.Həşimov və vəkilləri jurnalist həbs olunduğu gündən ittihamların saxta, sifarişli olduğunu bəyan ediblər. Vəkillərinin bildirdiyinə, hüquq-mühafizə qurumlarına, məhkəmə şikayətlərinə görə P.Həşimli istintaq dövründə davamlı basqı altında olub - jurnalist döyülüb, işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalıb.
MHİ Pərviz Həşimova qarşı ittihamların, məhkəmə hökmünün əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır. MHİ qeyd edir ki, P.Həşimova qarşı ittihamlar üzrə əsas şahidlər istintaq qurumu ilə əməkdaşlıq edən şəxslər olub, məhkəmə ittihamların ədalətli incələnməsi üçün ifadələri çox vacib olan digər əsas şahidlərin məhkəmədə iştirakını təmin etməyib. Jurnalistin vəkillərinin ədalətli araşdırma üçün vacib olan digər xüsusatlarla bağlı vəsatətlərinin hamısı rədd olunub.
MHİ belə bir şəraitdə - ədalətli, qərəzsiz məhkəmə araşdırması aparılmadan çıxarılan hökmün yalnız bir məqsədinin olduğunu vurğulayır: tənqidçi şəxslərin, jurnalistlərin gözünü qorxutmaq, onları ictimai önəmli məsələləri, hökumətin önəmli siyasi fiqurlarının, məmurlarının fəaliyyətini araşdırmaqdan çəkindirmək və cəmiyyəti doğru bilgilər almaq hüququndan məhrum etmək.
MHİ P. Həşimov barəsində çıxarılan ədalətsiz məhkəmə hökmünü pisləyir, onun tez bir zamanda ləğv olunmasını tələb edir.
"Amnesty İnternational" təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Musavat.com