Bu gün Bakının Novxanı çimərliyi sahilində yerləşən “Sarıqaya” yaşayış massivinin “İnşaatçılar” düşərgəsinin sakinləri Prezident Administrasiyasına yürüş edəcək. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məcburi köşkünlər Prezident Administrasiyasında keçirəcəkləri görüş zamanı onları işığa həsrət qoyan məmurların özbaşnalığındna şikayət edəcək:
“Artıq iki gündür ki, adıçəkilən ərazidə məskunlaşan laçınlı köçkünlər işığa həsrətdir. Belə ki, gecə saatlarında məcburi köçkünlərin mənzillərinə gedən yüksək gərginlikli elektrik xəttinin işıq idarəsinin əməkdaşları tərəfindən kəsilməsi yüzdən çox insanı işıqsız qoyub. Baş verənlərlə bağlı ötən gün işıq idarəsinə gedərək öz etirazını bildirən məcburi köçkünlərin narazılığı fayda verməyib. Əksinə, idarə əməkdaşları məcburi köçkünləri polislə hədələyiblər və bildriblər ki, onların yuxarı instansiyalara ünvanladığı şikayətlərin heç biri səmərə verməyəcək. Məhz bu səbəbdən də məcburi köçkünlər Prezident Administrasiyasına üz tutaraq üzləşdikləri problemin həllinə bu yolla nail olmaq niyyətindədir”.
Məlumat üçün qeyd edək ki, məcburi köçkünlərin elektrik sayğaclarının quraşdırılmasına etiraz etməsi onlarla işıq idarəsi əmədkaşları arasında gərginliyə səbəb olmaqdadır. Vətəndaşlar bildirir ki, mənzillər qazla təmin edilmədiyi üçün işıq sayğaclarının quraşdırılması əksər ailələri çətin durumda qoyacaq, onların sosial vəziyyətini bir qədər də ağırlaşadıracaqdır.