Cəlilabadda avtomobil sahibləri Dövlət Yol Polisindən şikayətçidirlər. Beləki, yol polisləri müəyyən olunmuş vaxtda texniki baxışdan keçmiş , istehsal tarixi 10 ili ötməyən avtomobillərin sahiblərindən hər il texniki baxışdan keçməyi tələb edirlər. Bu barədə Moderator.az-a Cəlilabad sakini Aslan Əzimov məlumat verib.
“2007-ci il istehsalı olan “VAZ-2107” markalı avtomobilimi yol polislərinin təkidi ilə 2013-cü ildə texniki baxışdan keçirmişəm. Yeni qanuna əsasən növbəti dəfə 2015-cü ildə keçirməliyəm. Lakin bu il yenidən avtomobilimi texniki baxışdan keçirməyi tələb edirlər ”- A. Əzimov deyib.
O,əlavə olaraq bildirib ki, bu kütləvi hal alıb. Bütün avtomobil sahibləri bu qanunsuzluğa etiraz etsələr də, əhəmiyyət verən yoxdur. DYP əməkdaşları qanunsuz olaraq texniki baxışdan keçməyə məcbur edir, keçməyənlər isə yüksək məbləğdə cərimələnirlər
Məsələ ilə bağlı Moderator.az sürücülərin diqqətinə çatdırır ki, 2013-cü ilin sentyabr ayında avtomobillərin texniki baxışdan keçirilməsi qaydalarına edilən dəyişikliklər əsasən avtomobil son 10 ilin istehsalıdırsa (yəni o, 2003-cü il noyabrın 1-dən 2009-cu il noyabrın 1-dək olan dövrdə istehsal olunmuşsa), onda 2 ildə bir dəfə texniki baxış nəzərdə tutulur. Belə avtomobil keçən il (2013-ci ildə) texniki baxışdan keçmişdirsə, bu il texniki baxışdan keçirilməməlidir və bunu heç kim sizdən tələb edə bilməz.
Elman Abbasov