Xəbəriniz varmı xəbərdən? Dünən Evrovizyon mahnı yarışmasının finalı keçirilib və Azərbaycan 10 xalını Ukraynaya, 12 xalını isə Rusiyaya verib. Bax, buna deyərlər əsl balanslaşdırılmış xarici siyasət. Heç kimi narazı salmırıq. Hətta Evrovizyon yarışmasında belə həm Avropaya, həm də Rusiyaya zeytun budağı göstəririk. Ötən ilki yarışma qulağımıza sırğa olub axı. Məni isə başqa şey maraqlandırır. Doğrudanmı, bu rəqəmlər insanlarımızın mədəni zövqlərini əks etdirir? İnanmıram. Səsvermədəki rəqəmlərin bu qədər balanslaşdırılmış şəkildə çıxması şübhələrimin əsas qaynağıdır. Üstəlik, dünən Azərbaycan xalqının başı Gül bayramında hoppanıb düşməyə qarışmışdı. “Evrovizyon” yarışmasından isə bir Allah bəndəsinin xəbəri yox idi. Deyəsən, hakimiyyət də ötən ilki skandalı bir daha yaşamamaq üçün hansısa bir medya orqanında bu barədə xəbərlərin verilməsinə həvəsli görünmürdü. Beləcə, bir neçə il əvvəl Azərbaycan xalqı üçün dünyanın ən ümdə məsələsinə çevrilən yarışma indi nədənsə hamımızdan xəbərsiz keçirildi. Şair demişkən: “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir.” Kim bilir, bəlkə də seçicidən xəbərsiz keçirilən seçkini istənilən kimi saxtalaşdırmaq daha rahat olduğundan biz “Piter fəhləsinin” taleyini yaşamağa məhkum edilmişdik. Amma onu qeyd etməsəm olmaz ki, “Piter fəhləsi”nin yerinə qoyulmağımızın əsas səbəblərindən biri də yəqin, əzəli və əbədi düşmənimiz ermənilərin bu müsabiqədə 4-cü, bizim isə 20-ci yer tutmağımızla bağlı idi. Görünür, başbilənlərimiz düşmənlərimizdən geri qalacağımızı əvvəlcədəb təxmin etdiklərindən ən salamatı müsaviqəni gözlərdən uzaq tutmağı məsləhət biliblər. Axı bizim köhnə xəsiyyətimizdir. Erməni güləşəndə canlı transilyasiyalar reklam fasiləsinə ayrılır, düşmən tərəf uduzarsa dərhal operatorlar yarış zalına bağlanır, xalqımız o möhtəşəm səhnələrin təkrarına dəfələrlə baxıb zövq alır. Nə badə, erməni uda. Az qala, elə bir yarışın keçirildiyini belə danırıq. Bütün çəkilərdə 20-ci yerə çıxanlara qədər hər kəsin adını çəkirik. Erməninin çempion olduğu çəki haqqında isə bircə kəlmə belə danışımırıq. Zənnimcə, Copenhagen 2014 müsabiqəsi də məhz bu erməni “əclaflığ”ına qurban gedib. Əclaf erməni balası yarışa yaxşı hazırlaşmasaydı, Ağcaqum çölündə gedən qatardan Piter fəhlələri mütləq xəbər tutardılar. Ay səni, Azərbaycan, elə bir mahnı yarışması seçkisinə haram qatmağın qalmışdı.