Bütün beynəlxalq tədbirlərdə Azərbaycanla eyni cərgədə qəbul olunan, az qala, ölkəmizin Siam əkizi olan bir dövlət var. Adı Zimbabve. Bu yaxınlarda mətbuatda oxudum ki, uzaq Afrikada yeləşməsinə baxmayaraq bizimlə eyni bədən olan bu ölkənin zavallı hakimiyyəti gündüz əldə çıraqla cəllad axtarır, tapa bilmir. Zimbabvenin son cəlladı da hökumətlə bağladığı müqavilənin tarixi bitən kimi şələ -şüləsini yığışdırıb cəlladxananı tərk edib. Hökumət nə illah edibsə ona yeni müqavilə imzalatdıra bilməyib. Səbəb bəy əfəndinin cəllad adı daşımaqdan duyduğu mənəvi əzab, vicdan rahatsızlığı imiş. Cəlladsız qalan hökumət rəsmi qəzetlərdə elan verib yeni başkəsən axtarır. O boyda ölkədə bu ada razı olan bir bir Allah bənəsi isə tapılmır ki, tapılmır. Beləcə, Zimbabvedə boynunun bədəndən ayrılacağı günü səbrsizliklə gözləyən 50 məhkum yeni başkəsən tapılana qədər intizarda qalacaq. Zimbabve özünə yeni cəllad axtaran ərəfədə onun Siam qardaşı olan Azərbaycanda isə 8 gənc "əsgərlərimiz ölməsin!" dediyinə görə 8 il müddətinə azadlıqdan məhrum edildi. Hakimlər gözlərini qırpmadan, vicdan əzabı duymadan bu hökmü çox soyuqqanlılıqla oxudular. Yuxarıdan əmr verilsəydi, hətta onların başlarını da bədənlərindən gözüyumulu ayıra bilərdilər. Nə deyirsiniz, bəlkə biz əkiz qardaşımız Zimbabvenin bu ağır günündə onlara dost əlimizi uzadaq? Necə olsa bizdə hakim olmaq istəyən çoxdur. Zimbabvedə isə cəllad çatışmır.