Nəzəriyyəyə görə, insanlar, bitkilər və heyvanlar canlı hesab edilir. Bu, hər kəs tərəfindən qəbul edilmiş yazılı və şifahi qanunlardandır. Lakin onu da bilirik ki, bir çox ölkələrdə insan kimi heyvan və canlı da “kim” sualına cavab verir. Yalnız Azərbaycanda heyvan və bitkilər nəzəri olaraq, canlı kimi qəbul edilsə də, praktik olaraq “nə” sualına cavab verir. Bu günlərdə millət vəkili Zahid Oruc ilginc bir açıqlama ilə sözün əsl mənasında “kim” ilə “nə”yi bir-birinə qatdı. Onun sözlərinə görə, Azərbaycanda ağaclara da pasport verilməlidir. Yəni ağaclar da insanlar kimi pasport almalıdır. Əgər xatırlayırsınızsa, ağaclara qeyri-adi dəyər verən Elza Seyidcahan olmuşdu. O da ağaca insan kimi dəyər vermişdi və şam ağacı üçün xüsusi olaraq konsert vermişdi. Daha sonra Aygün Bəylər də tut ağacı üçün oxudu. İndi qayıdaq yenə də ağacların pasport məsləsinə. Millət vəkili buyurur ki, Berlində ağaca pasport verirlər. Axı bizim hansı işimiz Berlindəki kimidir ki, ağacların pasport məsələsi də almandakı kimi olsun? Görəsən Berlində bizdəki kimi zibilli küçə, səhiyyə və təhsili bizdəki kimi üstü bəzək, altı isə nə isəlidirmi? Berlində yeni doğulmuş uşağa da şəxsiyyət vəsiqəsi verilir. Bizdə isə bir zülümlə əvvəl doğum haqqında şəhadətnamə, məktəbi bitirəndə isə pasport almaq hüquq verilir. Deməli, bizdə yeni doğulmuş uşağa pasport verilmirsə, ağaca pasport verilməsi çox gülməli səslənir. Birdəki, alman gəlir umub-ummadığı nə varsa sənədləşdirir. Orada ev heyvanlarının da pasportu var. Bizdə isə bu, tamailə başqa cür dövran edir. Bizimkilər hər şeyi onun qiyməti və əldə edəcəyi maya dəyərinə baxıb, pasport haqqında düşünürlər. Ona görə da, Berlinlə Bakının müqayisəsi hələ ki, mümkünsüzdür. Biz ilk növbədə bizim maya dəyəri və gəlir mənbəyi kimi baxıb pasportlaşmanı düşünməyimizi dəyişməliyik. Bizdə cansız olsa da, bir çoxlarının öyünə bilinən əşyalarını maşını, evini, villasını, ofisini, banklardakı hesablarının, zinət əşyalarının belə pasportunu düşünürlər. Çünki bu gün hər kəsi maddiyyat və yalnız əldə edəcəyii gəlir düşündürür. Heç kəsi ağac və ya ağacın kölgəsi maraqlandırmır. Misal üçün əvvəl hər kəs həyətində meyvə-tərəvəz becərərdi, ağac əkərdi. İndi isə kimə soruşursan deyir ki, yayda meyvəsini 1 manata ala bilirəmsə, nəyimə gərəkdir o ağac. Bu insanlarda maddiyyat düşünmə tərzini belə dəyişib. Hər şeyə maya dəyərinə görə qiymət veririk. İşin ən acı tərəfi ondadır ki, bu gün bizimkilər insanlara da maya dəyərinə, diplomuna, yüksək rütbəli dayısına, altındakı maşınına görə qiymət verir. İndi bir faktı da nəzərinizə çatdırım. Zahid Oruc deyir ki, “Ağacın kəsilməsi ilə adamın kəsilməsi eynidir”. Razıyam. Amma gəlin bir ucqar rayonlarımızdakı vəziyyətə nəzər salaq. Şimal rayonlarının ucqar kəndlərinin qaz ilə təchizatı sıfırdır. Yəni bzim burada “şeytan çarxı”na belə əlimiz çatsa da, onlar üçün hələ də qaz, işıq dəff edilməmiş problemlərdəndir. Oranın qışı isə bizim Bakıdakı qış kimi keçmir. Daha sərt və daha soyuq olur. İndi orada yaşayan insanlar gözləri görə-görə uşaqlarını soyuqdan ölmələrinimi izləməlidir? Həmin zaman pasport alan insanlar öz villlaarının sayını artırarkən, bzim pasportlaşmamış ağaclarımız onların dadına çatır. Yəni adı və ünvanı bilinməyənlər maşın-maşın həmin kənd camaatına odun satırsa, həmin ağaca pasport verilsə nə olsun, verilməsə nə olsun. Bu gün pasportlu adam evində qətlə yetirilirsə, sabah soyuqda qalan kəndli pasportlu ağacı kəsməyəcəkmi? Deməli, ey millət vəkilimiz, bizim Berlinə çatmağımız üçün hələ çox yol qət etməyimiz gərəkir. Bu qədər problemlər öz həllini tapmasa, pasport işi qəliz məsələdir. Əvvəl ucqar kəndlərdəki insanların ağaca və oduna təlabatını azaldaq ki, pasport məsələsində də Berlinə tay olaq!
Ülkər Musazadə