Problemlərimiz o qədər çoxdur ki, insan hardan başlayıb, harada duracağına türk demişkən şaşırır. Amma hər halda haradansa başlamaq lazımdır. Deyəsən biz doğrudan da elə sözdə inkişaf edirik. Əmələ çatınca görürük inkişafımız tapşırılanların şəxsi maddi durumundan savayı heç bir şey inkişaf etməyib. Hə bu günlərdə səhiyyə sahəsində yaşanan olduqca ürəkağrıdıcı məqama nəzər salanda bir daha bunun şahidi oluruq. Bizlərdə təzə dəb düşüb. Elə ki, xəstələndin, demək iki yol ayrıcındasan. Ya xaricə gedib müalicə olunmalısan, ya da əllərini uzadıb ölməlisən.
Burda da hər kəsin maddi durumu buna imkan vermir və ya hər kəs dövlət rəhbərinə ağız açıb müalicə olunması üçün maddi vəsaitin ayrılmasını istəyə bilmir. O zaman, demək həmin adamlar sözün əsl mənasında ölümə məhkum olunmuşlara çevrilirlər. Bu günlərdə də, həkimlərimiz ya düzgün diaqnoz qoymur, ya da elə səni bir başa məzara göndərirlər. Əgər biz müalicə üçün xaricə üz tuturuqsa, o zaman nə üçün 12 il tibb universitetinə ayaq döyürük? Niyə görə ağ xalat geyinib Hipokrat andı içirik? Əgər bizdə tibb və həkim yoxdursa, onda yeni tikilən tibb mərkəzlərinin kolleksiyası bizim nəyimizə gərəkdir? Burada suallar cavabsız olsa da, səhiyyə sahəsində kifayət qədər problemlərin olduğuna qənaətdir. Sözsüz ki, respublikamızda say-seçmə də olsa, həqiqətən həkim adına layiq olan həkimlər də var. Lakin qondarma həkim o qədər çoxdur ki, həqiqi həkimlər də onların güdazına gedir.
Əvvəla ondan başlayaq ki, xəstəxanaların hansının özəl, hansının dövlət xəstəxanası olduğunu müəyyən etmək mümkün deyil. Bəzi hallarda bir çox insanlar özəl xəstəxanalar üstünlük verirlər. Çünki bir ağızdan deyirlər ki, baha da olsa bir dəfə ödəniş edib canını qurtarmaq olur. Amma dövlət xəstəxanaları “şirinlik”, “hörmət” adı altında xəstənin dərisini Nəsiminin dərisi kimi soymamış xəstəxanadan buraxmırlar.
Misal üçün Səhiyyə Nazirliyi bu andra qalmış doğum puluna bir sərhəd qoymadıqlarından, doğum evləri dönüb olub bazar. Lakin bazarlar üçün yarmarkalar təşkil edilir. Görəsən doğum evlərinin yarmarkası nə vaxt olacaq? Belə ki, doğum pulu 400-500 manat, kesəriyyə əməliyyatı ilə doğum 700-1200 manata qədər artır ki, azalmır. Sözün qısası, elə ki, xəstəxanaya və ya doğum evinə girdin, həkimlər hərə bir formada “qədəmlərin mübarək” deyib, eyinlərində daha iri cibli xalatla xəstədən hörmət etməyi tələb edirlər. Bu dövrdə həkimlər hörməti qazanmırlar, tələb edirlər. Bəzi dövlət xəstəxanalarının qapısının üstündə yekə hərflərlə “hər şey pulsuzdur” yazılsa da, içəri daxil olanda həkim cümlənin əvvəlində də sonunda da “hörmət elə” deyir. İndi xəstənin durumuna baxın. Hörmət etsə bir ayıb, etməsə iki ayıb.
Deməli qapının üstündəki yazı qolu və vəzifəsi qüvvətlilərin gözünə pərdədən başqa bir şey deyil. Pərdə arxasında isə, əsl qəssabxana fəaliyyət göstərir, desək yeri var. Həkimlərin son zamanlar düzgün diaqnoz qoymamalarının törətdikləri fəsadları nəzərə alsaq, onların fəaliyyətlərini “ı” əməliyyatı kimi qiymətləndirmək daha döğru olar. Hipokrat andına deyil, nə isə yalan-dolana and içən qondarma həkimlər bu gün dərman firmaları ilə müqavilə əsasında da müəyyən avantüralara əl atırlar. Misal üçün bu gün xəstələr arasında “bahalı dərmanlar” deyilən bir söz birləşməsi formalaşıb. Həmin preparatlar niyə görəsə, bütün xəstəxanalara müqavilə əsasında paylanmır. Künc-bucaqda, gizli-gizli həkimlərlə iş birliyi edən həkimləri görəsən həmin dərman firmalarından əldə etdikləri maddiyyat, yoxsa onların xəstələri maraqlandırır? Elə isə Səhiyyə Nazirliyi bu haqda bir az düşünüb, buna bir əncam çəksə, xəstələrimizi bu kimi isimsiz-ünvansız preparatlardan da, elə bir həkimlərdən də qorumuş olardı. Əgər bizim həkimlər yaxşıdırsa və xəstəxanalarımız Avropastandartlarına cavab verirsə, niyə kimin pulu var müalicə üçün xaricə qaçır? Əgər imkan tapıb, fürsət güdənlər özlərini yerli həkimlərə etibar etmirsə, belə çıxır biz kasıblar bu kimi həkimlərə tədqiqat üçün ayrılmış dovşanları xatırladırıq. Elə isə Allah köməyimiz olsun!
Ülkər Musazadə