“Burax məni hayqırayım, susarsam sən matəm et,
Unutma ki, şairləri hayqırmayan bir millət
Sevənləri torpaq olmuş yetim cocuq kimidir”
Məhmət Əmin Yurdaqul
Mən şairəm, yoxdur mənim zülm önündə susmaq haqqım,
Ömrüm boyu həqiqətin gözlərinə məğrur baxdım.
Bu gün əzab içindəsə mənim yurdum, mənim xalqım,
Mən susmaram, sussa belə yer üzündə bütün xilqət,
Əziləcək hər bir zaman şairləri susan millət!
Bir yanlışa qurban gedir milyon cavan, milyon qoca,
Tənə edir bu diyarda haqsız haqqa, varlı aca,
Oysa xalqdır, oysa haqdır hər ucadan daha uca,
Heç bir kəsin haqqı yoxdur bu millətə qoysun minnət,
Əziləcək hər bir zaman şairləri susan millət!
Əgər kimsə bu millətin hüququnu qəsb edirsə,
Ona nicat verməliyəkən ölümünə səs verirsə,
Oğlu şəhid olan ana çörək gəzib dərd yeyirsə,
Kim verməli bu dəhşətə, düz, qərəzsiz, doğru qiymət?
Əziləcək hər bir zaman şairləri susan millət!
Bu ölkədə həqiqətə qardaş olub şübhə, güman,
Hara baxsan zora səcdə, şana hörmət, vara iman.
Ölüb artıq ədalətin bərpasına olan inam,
İnanmaq zor bu cəhənnəm nə zamansa olar cənnət,
Əziləcək hər bir zaman şairləri susan millət!
Üsyan ”“ budur şair üçün gerçək, böyük qəhrəmanlıq,
Olmayıbdır, olmayacaq onlar üçün əminamanlıq.
Hansı şüur bu sənətdə axtarırsa firavanlıq,
Demək ondan çox uzaqdır parlaq zəka, incə hikmət,
Əziləcək hər bir zaman şairləri susan millət!
Şairləri susan millət, qalx ayağa, de sözünü,
Şairlərdən yoxdur haray, şairlərdən çək gözünü.
Ya tarixin sınağında ara, axtar, tap özünü,
Ya da qəhr ol, qoy haqlasın əbədilik səni zillət,
Əziləcək hər bir zaman şairləri susan millət!
Seymur Əliyev
e-mail: [email protected]