Milli Məclisin Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin əcaib açıqlamada bulunaraq cəmiyyətin əsas qınağını öz üzərinə fokuslaşdırmasından sonra ekspertlər də onu yumşaq formada ittiham etməyə başlayıblar. Xatırladaq ki, Ş. Hacıyev müəllimlərin əmək haqlarının qaldırılmasına qarşı çıxaraq bu artımın ölkədə inflyasiya yarada biləcəyini vurğulamaqla naşı iqtisadçı obrazında zühur edib...
Parlamentin
İqtisadi Siyasət Komitəsinin üzvü, iqtisadçı ekspert, baş nazirin keçmiş
birinci müavini Vahid Əhmədov da Şəmsəddin Hacıyevin bu məntiqiylə razılaşmır.
Moderator.az-a
açıqlamasında millət vəkili bildirdi ki, həmkarından belə açıqlama gözləmirmiş
və üstəlik, Parlamentin Təhsil Komitəsinə rəhbərlik edən Ş. Hacıyevin belə
fikir bildirməsi qəbuledilməzdir:
“Mən
çoxminli müəllimlər ordusunun Şəmsəddin müəllimin bu açıqlamasından sonra hansı
hisləri keçirdiklərini təsəvvür edirəm. Məncə doğru yanaşma deyil. Birincisi, hətta
cənab prezident də deyib ki, müəllimlərin əmək haqları aşağıdır və məvaciblərin
artırılması istiqamətində hökumətə tapşırıqlarını verib. Digər tərəfdən, adətən
iqtisadçılar statistik rəqəmlər dilə gətirərkən orta aylıq əmək haqlarını
götürürlər. Halbuki müəllimlərin əksəriyyəti inanılmaz dərəcədə az maaş alırlar
və belə demək mümkünsə həmin məvacib onların xərclərinin çox cüzi bir hissəsini
təşkil edir. Belə olduğu halda müəllimlərin maaşlarının artırılmasına qarşı
hansısa arqument ortaya qoymağa çalışılması məncə uğursuz yanaşmadır və cəmiyyətdə
süngü ilə qarşılaşacağını əvvəlcədən də gözləmək olardı. Əksinə, mən hesab edirəm
ki, müəllimlər cəmiyyətin ən hörmətli təbəqəsini təşkil etməli və onlar
valideynlərin, şagirdlərin əlinə deyil, dövlətin artan qüdrətinə və büdcəsinə
göz dikməlidirlər.”