Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kesab bölgəsində nəzarəti ələ keçirən müxalif qüvvələrin 18 erməni əsilli Suriya vətəndaşını Türkiyə tərəfinə təslim etmələri ilə bağlı yazılı açıqlama yayıb.
Moderator.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yazılı açıqlamada Kesab bölgəsində yaşayan ermənilərin rahatlığı üçün Türkiyə Erməniləri Patriarxlığı və Erməni Cəmiyyəti ilə yaxın əlaqələrin qurulduğu qeyd olunub. Açıqlamada bildirilib ki, Türkiyə tərəfi Kesab bölgəsində baş verən hadisələri daimi nəzarətdə saxlayır:
"Mülki əhalinin münaqişlər zamanı xəsarət almaması üçün lazımı tədbirlər sürətlə həyata keçirilir. Bu barədə BMT-yə də məlumat verilib. Ölkəmizə gəlməyi istəyən Kesab bölgəsində yaşayan ermənilərin rahatlığı üçün Türkiyə Erməniləri Patriarxlığı və Erməni Camaatı ilə bu hadisələrin baş verdiyi andan etibarən yaxın əlaqələr qurulmaqdadır”.
Qeyd edək ki, ötən gün, Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kesab bölgəsində nəzarəti ələ keçirən müxalif qüvvələr 18 erməni əsilli Suriya vətəndaşını Türkiyə tərəfinə təslim ediblər. Türkiyədə sığınmaq istəyən erməni əsilli suriyalıların artıq Yayladağı bölgəsində Türkiyə tərəfinin nəzarəti altında olduğu bildirilir. Türkiyə sığımaq üçün təslim edilən erməni əsilli 18 suriyalıdan 7-sinin qadın olduğu bildirilir. Yayladağının bələdiyyə sədri Turan Yılmaz isə erməni əsilli suriyalıları Türkiyədə qonaq kimi qəbul etdiklərinə görə çox şad olduqlarını söyləyib.