“Aprelin 4-dək Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özelin bu dəfəki səfərini mən vida səfəri kimi dəyərləndirərdim”.
Bu sözləri Moderator.az-a açıqlamasında “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, hərbi ekspert Üzeyir Cəfərov bildirib. Ekspert ordu generalı Necdət Özəllə Azərbaycan generaliteti arasında müzakirə edilən məsələlərə də diqqət çəkib:
“Bildiyiniz kimi, avqust ayında qardaş ölkədə yeni hərbi komandanlıq formalaşdırılacaq və onlar öz görəvlərinə başlayacaqlar. Ona görə də, ordu generalı Necdət Özəlin Azərbaycanla bağlı hərtərəfli məlumatı olduğuna görə, mən düşünürəm ki, o son səfərində bəzi fikir və düşüncələrini Azərbaycan generallarına çatdırmağı vacib sayıb. Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilməsi də önəm daşıyan məsələlərdən biri kimi müzakirə mövzusu olub. Bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistanla Azərbaycan arasında münaqişənin regiondakı sabitlik üçün doğurduğu təhlükə, beynəlxalq hüquq norma və qaydaların vəziyyəti də hərtərəfli müzakirə edilib. Türkiyə tərəfi çalışır ki, Azərbaycan NATO-ya sıx inteqrasiya etsin, özünün daimi təhlükəsizliyini təmin etmək üçün lazım olan işləri həyata keçirsin. Hesab edirəm ki, bu hərbi əməkdaşlıq Türkiyədən daha çox Azərbaycana vacib və lazımdır. Son Ukrayna hadisələrin fonunda dünya bir daha əmin oldu ki, Rusiyaya etibar etmək onun vədlərinə inanmaq lazım deyil. Məhz buna görə də, indi ABŞ və NATO dövlətləri Azərbaycan da daxil olmaqla özünün yeni strategiyasını işləyib hazırlayırlar. Bu planda ön yerlərdən biri də bizim ölkəyə ayrılır. Bu planın həyata keçirilməsində qardaş Türkiyəyə xüsusi rol ayrılıb. Avqust ayında yeni Baş Qərargah rəisi fəaliyyətə başlayandan sonra onun ilk səfərlərindən biri və bəlkə də birincisi Bakıya olacaq. Onda biz daha yeni addımların və perspektivdə duran məsələlərin şahidi olacağıq”.