Türk mətbuatnın verdiyi xəbərə görə, yaxın günlərdə Türkiyənin baş naziir Rəcəb Tayyib Ərdoğan Azəbaycan prezidenti İlham Əliyevlə bir araya gələrək bölgədəki vəziyyəti, o cümlədən Krım hadisələrini müzakirə edəcək. Türk mətbuatında yer alan bu xəbərlər Azərbaycan ictimaiyyətində ciddi marağa səbəb olub. ABŞ, Fransa, Almaniya və s. kimi iri dövlətlərin belə ciddi təsir imkanına malik olmadığı Krım düyününün həllinə Azərbaycan hansısa töhfə verə bilərmi? Bu məsələni özünün Dağlıq Qarabağ problemini 20 ildən çoxdur ki, həll edə bilməyən Azəbaycanla müzakirə etmək nə dərəcədə məntiqlidir?
Moderator.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev hesab edir ki, əslində bu məsələdə bütün dövlətlərin birgə mövqe nümayiş etdirməsi zəruridir. Ekspertin qənaətincə, təkbaşına heç bir ölkənin səyi arzuedilən nəticəni təmin etmək üçün yetərli deyil:
“Krım məsələsi post-sovet ölkələrinin müstəqilliyini sual altına qoyur. Bu məsələdə Türkiyə də təkbaşına heç nə edə bilməz. İndiki məqamda Qərb dövlətləri post-sovet ölkələrinin müqstəqilliyini qoruyacaq tədbirlər almalıdır. Bu məsələdə əlbir hərəkət etməlidirlər. Bunsuz lazımi nəticəyə nail olmaq mümkün olmayacaq”.
Seymur Əliyev