Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin sədr müavini Mübariz Mədətov vəzifədən azad edilib. Sərəncamda bildirilir ki, M.Mədətov məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə” vəzifəsindən azad olunur. Lakin ölkə başçısının imzaladığı bu sənəd bəzi hüquqşünaslar tərəfindən ciddi tənqidə məruz qalıb.
Moderator.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərovun bildirdiyinə görə, kimliyindən və vəzifəsindən asılı olmayaraq hər hansı bir şəxsin ailə üzvünün əməlinə görə cəzalandırılması doğru deyil və bu açıq-aşkar qanuna ziddir:
“Oğulun törətdiyi əmələ görə atanın cəzalandırılması heç şübhəsiz ki, doğru deyil. Mən də başa düşürəm ki, həmin şəxsin etdikləri onun atasının verdiyi tərbiyənin nəticəsidir. Bu gün ölkədə məmur övladlarının özbaşınalığı baş alıb gedir. Lakin bunun sərəncamda əks olunmasını düzgün hesab etmirəm. Bunu qanunların və konstitusiyanın pozulması hesab edirəm. Birinin törətdiyi əməlin məsuliyyətini başqasının üzərinə qoyulması qətiyyən düzgün deyil. Bu amilin sərəncamda göstərilməsi də düzgün deyil. Bəzən elə ağlagəlməz insanları vəzifəyə qoyurlar ki, buna heç bir məna vermək olmur. Onda gərək ölkə başçısı verdiyi sərəncamlarda həmin şəxsləri nə üçün, hansı keyfiyyətlərinə və xidmətlərinə görə vəzifəyə təyin edildiyini də izah etsin”.
Məlumat üçün qeyd edək ki, cari ilin 15 mart tarixində saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobili toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.
Seymur Əliyev