“Vladimir Jirnovskinin bu qərəzli bəyanatı 40 ci illərdəki rus sələflərinin bəlli mövqelərinə əsaslanır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Zahid Oruc Rusiyanın LDPR Partiyasının sədri Vladimir Jirnovskinin Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı iddialı bəyanatına münasibət bildirərkən deyib. Zahid Orucun sözlərinə görə, yeni müstəqillik qazanılan dövrlərdə bir çoxları SSRİ-nin iflasını qəbul etməyərək, bütün müttəfiq republikaları yenidən Kremlin çevrəsində toplamaqdan ötrü Jirnovskinin qərəzli bəyanatına oxşar mesajlar verirdilər:
“Elə bunun nəticəsi kimi Dağlıq Qarabağda 1990-cı illərdə Arkadiy Volskinin rəhbərliyi ilə xüsusi idarəetmə komitəsi yaradılmışdı. Bu, bilavasitə Azərbaycan və Ermənistandan kənarda Qarabağı məhz Rusiya vasitəsi ilə idarə etməkdən irəli gələn mövqe idi. Lakin sonralar ölkəmizin bir tərəfdən işğala məruz qalması, digər tərəfdən Qərbə çıxış əldə etməsi və güclü bir siyasət aparması fonunda Rusiya müəyyən mənada geri çəkildi. Amma Qarabağı Azərbaycana geri vermədi. İndi isə Vladimir Jirnovskinin bu kimi qərəzli bəyanatları Krımın hərbi cəhətdən ələ keçirilməsi fonunda verilib və zənn edirəm ki, orada rus dövlətinə qarşı basqıları qəbul edən bir dövlətin təmsilçiləri və ya parlamentariləri Qarabağ məsələsini belə bir məqamda gündəmə gətirməklə, əslində Ukraynadakı hadisələrin müəyyən mənada mahiyyətini açırlar”.
Millət vəkilinin sözlərinə görə, Jirnovskinin bu bəyanatından sonra buna nə ad vermək olar kimi sual yaranır: “Lakin biz Rusiyaya bununla bağlı nota vermək niyyətində deyilik. Çünki Jirnovskiyə bəlli bir münasibət var. Amma kimin nə deməsidən asılı olmayaraq, mən Jirnovskini axmaq və dəli hesab etmirəm. Düşünürəm ki, Jirnovski kimi adamları məmnuniyyətlə və tam rahatlıqla Azərbaycanın haqq mövqeyinə söykənərək bu ölkəyə dəvət etmək lazımdır. Qoy bir dəfə Türkiyədə olub, həbsə məruz qalmasının heyfini uzun 10 illər çıxa bilmədiyi kimi, gəlib Azərbaycandan bu reallıqları görsün və ermənilərin inhisarına çevrilməsin”.