“İran-Azərbaycan münasibətlərinə zərbə vura bilən qüvvələrin kim ola bilməsi gün kimi aydındır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın Azərbaycandakı səfirliyinin “İran və Azərbaycan arasında əməkdaşlıq möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsin” fikrinə münasibət bildirərkən deyib. Zərdüşt Əlizadənin sözlərinə görə, həmin qüvvələr ABŞ və İsraildir:
“Onlar Azərbaycandan İrana qarşı istifadə etmək niyyətindədirlər”.
Qeyd edək ki, ötən gün İranın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb:
“İran və Azərbaycan beynəlxalq səviyyədə də bir-birinə dəstək olurlar. İki ölkə arasında əməkdaşlıq möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsin”.