Martın 16-sı Rusiya-Ukrayna konfliktinin kulminasiya nöqtəsidir. Həmin gün Ukraynanın tərkib hissəsi olan Krımda Rusiyanın tərkibinə qatılmaq məqsədli qanunsuz referendum keçirilir. Bir tərəfdə Kremlin hegemonçuluq siyasəti, güclü rus ordusu, digər tərəfdə mübariz Ukrayna xalqı və onu dəstəkləyən Qərb bu məsələdə üzbəüz dayanıb. Onsuz da gərginliyə doğru inkişaf edən ukraynaətrafı proseslərin bu tarixdən sonra hansı nəticələr verəcəyi böyük sual altındadır.
Böyük ehtimalla, bu dəfəki qarşıdurma da 2-ci Dünya Müharibəsindən sonrakı dövrdən bəri baş vermiş digərləri kimi, anlaşma ilə, qansız-qırğınsız yoluna qoyulacaq. Ancaq qarşıdurmanın az da olsa, Rusiya və Ukrayna arasında lokal müharibə ocağına və oradan da alovlanıb Rusiya ilə Qərb-NATO arasında qlobal savaşa çevrilmə ehtimalı da, istisna deyil. Bu saat bütün dünya, bəşəriyyət bununla əlaqədar dərin narahatlıq və gərginlik keçirir.
Bu halda, belə qlobal qarşıdurmanın fövqəlgüclərin maraqlarının kəsişdiyi Cənubi Qafqazdan və xüsusilə, Azərbaycandan da yan kecməməsi mümkündür. Münaqişə ocağından 10 minlərlə km uzaqdakı ölkə və xalqlar bu saat, bu təhlükəni dərk edib, planlar qurub öz milli təhlükəsizlikləri üçün təcili tədbirlər görürlər. Bəs, münaqişənin qonşuluğunda yerləşən Azərbaycanımızda bu barədə düşünülürmü? Dovlətin və əlaqədar təhlükəsizlik orqanlarının yarana biləcək ekstremal vəziyyətə uyğun adekvat tədbirlər planının olmasını təbii ki, inkar etmək olmaz. Ancaq vətəndaş cəmiyyəti olaraq, biz bu barədə düşünürükmü? Təəssüf ki, ehtimal olunan təhlükənin, fəlakətin mənəvi dərki bizdə o dərəcədə də hiss olunmur.
Dünyanı silkələyən qlobal müharibə təhlükəsi gərginliyi bizim cəmiyyəti silkələyə bilmir. Çoxsaylı şadlıq evləri, restoran-barlar, gecə klubları bu gərgin günlərdə də ağzınacan doludur. Çal-oynasın hələ davam edir. Hətta, bu qorxunc, barıt iyli günlərdə də öz gündəlik mənfəətimizi, məişətyönlü hisslərimizi, dükan və ya əşya üstündə yaxa cırmağımızı, rüşvətimizi, şıdırğı alverimizi heç olmasa yavaşıda bilmirik. Düşünə bilmirik ki, bu dərəcədə şəxsi mənfəət ekstazına varmaq olmaz.
Düşünürsən ki, nə baş verməlidir ki, insanlarımız öz şəxsi və ya qrup maraqlarını kənara qoyub, bir az ayılsınlar. Nəhayət, ölkə, vətən, dövlət, milli birlik barədə geniş qəlblə, ürəklə düşünsünlər. Partiyalarımız, cəmiyyətlərimiz, ictimai-siyasi xadimlərimiz, alim və ağsaqqallarımız bir hərəkətə gəlsin. Elə bil ki, yuxudayıq. Başımız bərk qarışıqdır. Heç nə bizi maraqlandırmır. Ortadakı sərvət qalıqlarının başıpozuq bölgüsü uğrunda başıalovlu dartışmalardan başqa! Sonsuz doyumsuzluq!
Gəlin bu günkü acı reallığı nəzərə alaq. Gəlin ayılaq. Gözlənilməzlik yuxuda yaxalamasın. Baş verə biləcək fəlakət qədər olan təhlükə xatirinə birləşək...Hazırlıqlı olaq. Ümummilli birliyə hazır olaq!
Böyuklərin, ayı-şirlərin savaşı bu dəfə də bizdən yan ötsün. Amin... Amma ki, necə deyərlər:“şər deməsən, xeyir gəlməz”!
Ilqar Altay
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri