Həmsədr dövlətlərin ermənipərəst mövqe sərgiləmələrindən sonra artıq cəmiyyətdə belə iddialar artmağa başlayıb ki,İkinci Qarabağ Savaşı qaçılmazdır. Maraqlıdır, görəsən, Qarabağ kimi coğrafi şəraitdə ilin hansı fəslində uğurlu hərbi əməliyyat keçirmək mümkündür?
Moderator.az-ın bu sualını cavablandıran Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan Milli Qvardiyanın keçmiş komandanı, polkovnik Əzizağa Süleymanov deyir ki, Horadiz, Fizuli- Ağdam İstiqamətində hərbi əməliyyatlara ilin aprel ayından gec olmayaraq başlamaq doğru olardı:
“ Murov- Ağdərə istiqamətində isə may- iyun aylarında intensiv hücum əməliyyatları keçirilməlidir. Beyləqan-Ağcabədi istiqamətində isə ilin bütün fəsillərində hücum əməliyyatları aparıla bilər. Beyləqan-Horadiz istiqamətində hücum zamanı ağır hərbi texnika və artilleriya dayanmadam düşmən mövqeyindəki səngərləri atəş altında saxlamaqla hücuma zəmin yaratmalıdır. Ona görə ki, bu istiqamət düzənlik ərazidir, piyadalar çətin hərəkət edəcək. Odur ki, düşməni manevr etməyə imkan vermədən Beyləqan-Xocavənd istiqamətində müharibəni qızışdırıb 3 istiqamətdən sonrakı aylarda hücuma keçilə bilər. Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatlarda əsas qüvvə piyadalar olmalıdır, yüngül silahlarla ildırım sürətilə hücum planı hazırlanaraq həyata keçirilməlidir. Yenə deyirəm, hər iki tərəf üzbəüz mövqeləri minalayıb, odur ki, aldadıcı manevrlərdən istifadə edib hərdən geri çəkilib düşməni mövqelərindən çıxarmaq lazımdır. Ağdərə- Kəlbəcər- Murov istiqamətində xüsusi təyinatlı dəstələr meşə döyüşlərinə hazırlanmalıdır. Düşmənin hərbi potensialı tam öyrəniləndən sonra onun ehtiyat mənbələrinə zərbə endirmək üçün diversiya qrupları hərəkət etməlidir. İstənilən halda hərbni komandanlıq qarşıya məqsəd qoymalıdır ki, hərbi əməliyyatlar avqust ayının ortalarında, uzağı sentyabr gəlməmiş başa çatsın.
Gədəbəy-Tovuz- Qazax istiqamətlərində və o cümlədən Naxçıvan ərazisində qoşunlar cəbhə xətti boyu təlimli yerdəyişdirici manevrlər edib düşməni həyəcan içində saxlayaraq qəti hücuma keçməməlidir. Bu istiqamətə cəmləşən qüvvələr bütün sərhəd boyu yerdəyişmələr edib arada düşməni silkələməlidir ki, düşmən bu istiqamətdəki ordusunu döyüş gedən ərazilərə ata bilməsin.”