Türkiyəyə, İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan Nərmin Hüseynlinin vəfatı ilə bağlı AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazdığı statusda Azərbaycan hakimiyyətinə çağırış edib. Xatırladaq ki, Nərmin Hüseynlinin həyatını xilas etmək məqsədilə Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilmişdi və müalicə üçün tələb olunan 150 min manatın bir hissəsi toplanmışdı.
AXCP sədri hakimiyyətdə etdiyi çağırışda Nərminin əvvəlcə həkim səhvinin, sonra ölkədə səhiyyə sisteminin yararsızlığının, daha sonra da hökumətin vətəndaşına biganəliyinin qurbanı olduğunu qeyd edir. Bu səbəbdən də xaricdə müalicəsi zəruri olan ağır xəstələrin maliyyələşdirilməsi üçün xüsusi fond yaradılması təklif edilir: «Təklif edirəm hamılıqla hökumətdən tələb edək ki, xaricdə müalicəsi zəruri olan ağır xəstələrin maliyyələşdirilməsi üçün xüsusi fond yaratsın. İnanın ki, hamımız Nərminin xilası üçün çalışdığımız enerji və inamla çalışsaq, nəticə əldə edə bilərik. Hökumət müvafiq fondun yaranmasına məcbur, minlərlə ağır xəstəliyi olan soydaşımız da xilas olar».
Müxtəlif layihələrə milyardlarla vəsait ayıran və bu vəsaiti korrupsiyanın qurbanına çevirən hökumət müalicəsi Azərbaycanda mümkün olmayan xəstələrin ölkədən kənarda müalicəsi üçün belə bir fond yarada bilərmi?
Tibbi ekspert Rasif Bağırov belə fondun yaradılmasını və xəstələrin ölkə xaricində müalicəyə göndərilməsini mümkün hesab edir. Bunun üçün ölkə daxilində müalicə oluna bilməyən xəstələr Səhiyyə Nazirliyində yaradılan komissiya tərəfindən müayinə edilməlidir. Doğrudan da əgər həmin xəstələrin ölkə xaricində müalicəsi vacib şərtdirsə, həmin müalicə prosesini həyata keçirmək üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən ayrılmış pulun müəyyən hissəsi həmin xəstələrin müalicəsi üçün ayrılmalıdır. Bunun üçün isə əslində elə də böyük məbləğ tələb olunmur. Çünki il ərzində bir neçə belə xəstənin müalicəyə göndərilməsinə ehtiyac var. Azərbaycan hökumətinin belə xəstələri xaricə göndərməyə tam imkanı var.
Ekspertin sözlərinə görə, bəzi xəstələr üçün isə hətta xaricdən də dövlət hesabına həkim dəvət edilə bilər. Bunun üçün ayrılacaq vəsait Azərbaycan üçün böyük məbləğ hesab olunmur.
Ekspert tibbi sığortanın inkişafının da bu prosesə müsbət təsir edəcəyini qeyd etdi.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı normal ölkələrdə insanların tibbi sığortasının olduğunu deyir. Daha imkansız insanlara isə bələdiyyələr və digər dövlət qurumları kömək edir.
Hüquq müdafiəçisi xaricdə müalicəyə ehtiyacı olanlar üçün Dövlət Neft Fondundan vəsaitin ayrılmasını da mümkün sayır. Eyni zamanda ilkin vəsaiti Neft Fondundan ayrılmaqla digər bir fond da yaratmaq olar: «İnsanlar illərdir neftdən gələn pullardan bəhrələnəcəyini gözləyirdi. Neft Fondundan müəyyən vəsaitin ayrılması şərti ilə fond yaradıla bilər. Daha sonra imkanı olan şəxslər o fonda vəsait köçürsün. Belə fondun yaranmasına ciddi ehtiyac var. Ölkədə nə qədər insan müalicə üçün İrana, digər ölkələrə gedir».
M.Qəhrəmanlı səhiyyə sahəsində acınacaqlı vəziyyətin aradan qaldırılması üçün təhsilin də inkişaf etlirilməsini vacib hesab edir: «Ölkədə təhsil acınacaqlı səviyyədədir. Buna görə də səhiyyə sahəsində təcrübəli kadrlar azalıb və insanlar başqa ölkələrə ayaq açırlar. Buna görə səhiyyə üzrə normal təhsil verilməlidir».