Bu yazını mənə yazdıran səbəb barədə bir az sonra. Dostlar tez-tez soruşurlar ki, niyə gec-gec yazırsan, cavab verirəm ki, rəhmətliyin uşağı, bəs hər gün saytda oxuduğunuz ən azı 15 özəl yazını hansı yetim ərsəyə gətirir? Hər gün özüm ən azı 3-4 yazı yazıram və onlarla yazını redaktə edirəm. Bəzən gün ərzində 12-14 saat kompüter arxasında oluram. Ona görə də məxsusi olaraq müəllif yazısı, yəni köşə yazmağa vallah-billah vaxtım qalmır. Elə indi baxıram ki, sonuncu köşəni fevralın 25-də yazmışam. Amma Sovetskidə yaşayan bir ağsaqqalın hökumətə üsyan püskürərək qəlbimin “sarı sim”inə toxunan açıqlamasını izlədikdən sonra buna biganə qala bilmədim...
Həmin ağsaqqal nələr demədi 2 dəqiqə 18 saniyəlik çıxışında? O bir neçə cümləlik üsyankar çıxışı dinləyən hökumət üzvləri və bu hakimiyyətin başında dayanan ideoloqlar hansı üzlə bundan sonra millətin qarşısına çıxıb qozu-qozu haqq-ədalətdən, insaf-mürvətdən, korrupsiyaya qarşı anoloqsuz mübarizədən, Qarabağı axşama-sabaha alacağımızdan danışacaqlar? Ağsaqqal baş nazirin müavini Abid Şərifovun Sovetski problemindən çıxış yolu barədəki səsləndirdiyi fikirə tüpürdüyünü deyəndən sonra hökumətin millətin başına açdığı oyunları sadalayaraq sonda “neujeli bunlar Allahdan qorxmurlar” sualıyla sanki hamıdan cavab istəyir. Bununla da ürəyi soymayan ağsaqqal ətrafda dolaşan çoxsaylı polisləri görərək daha da havalanır və üzünü onlara tutub “Allah saxlasın, bu qədər militsiya var, gedin torpaqları alın da” deyir. Jurnalist kimliyini soruşanda da qayıdır ki, adımı neynirsən, təmiz azərbaycanlı millətiyəm.
Doğrusu, o 2dəqiqə 18 saniyəlik çıxışa 3 dəfə dalbadal baxsam da doymadım. Mən o ağsaqqalın üsyanını müxalifət liderlərinin pafoslu bəyanatlarına dəyişmərəm. Elə həmin videonu izləyə-izləyə ötən prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin İTV-dəki 6 dəqiqəlik çıxışlarını xatırladım. Açığı, həmin çıxışlar da millətin iliyinə-qanına işləyirdi və Milli Şuranı bir növ iflasdan xilas edə bildi. Məncə həmin çıxışlar “Məhsul” stadionundakı azsaylı mitinqlərdən daha məhsuldar idi...
İndi də həmin “təmiz azərbaycanlı milləti”nin o çıxışı da qəflət yuxusunda olan məmləkətin diksinməsi üçün vazkeçilməz bir dümsük rolunu oynaya bilər. Çünki bunu hansısa bir müxalifət lideri, ünsürlər, dağıdıcı qüvvələr, xaricə işləyən xəyanətkarlar deyil, siyasətdən-zaddan bir şey anlamadığı ağzını açanda belə gün kimi aydın olan bir namuslu Azərbaycan kişisi, bir Sovetski ağsaqqalı deyir. O açıqlama bir daha göstərdi ki, Azərbaycandakı kişilərin sayı barədə Hacıbala Abutalıbova yanlış məlumat veriblər. O açıqlama göstərdi ki, millətin ağzına qıfıl vurmaq istəyənlər yanlış yoldadır, insanları zindanlarla qorxutmaq yox, onların dərdinə şərik olmaq, problemlərini həll etmək lazımdır. Ən azından Allaha xoş getməsi üçün. Ağsaqqal, demişkən, neujeli bunu anlamaq zorlarına gedir bunların? Lap kobud hesablama ilə Sovetskidə yaşayan təxminən 10 min sakinin hər birinə əlavə olaraq hökumət 10 min manat da artıq pul versə kasıbmı düşəcəklər? Bu, 100 milyon manat edir, hökumət üçün bu məbləğ ölüm-dirim məsələsidirmi? Kimsə deyə bilər ki, sabah başqaları da onlara baxıb artıq pul istəyəcək. Elə şey yoxdur, paytaxtda Sovetski kimi yerə fərqli yanaşma olmalıdır əslində...
Ağsaqqalın polislərin, daha doğrusu, militsiyanın sayı, torpaqları qaytarmaları barədəki replikasındansa çox yazmağa gərək yox. Siyavuş Novruzovun sözü olmasın, istəsələr nəinki Qarabağı, hətta Göyçəni də qaytararlar, sadəcə kişi kimi açıqca deyirlər ki, hələ istəmirlər, hələ işğal altındakı torpaqlardan da vacib məsələ var, neftin-qazın pulunu yerbəyer eləmək...