Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Adriatik dənizi sahillərində, keçmiş Kumbor hərbi-dəniz bazasının yerində kurort tikintisi üzrə layihəyə start verib. Məlumata görə, ARDNŞ Monteneqroda alınan adada dəyəri 500 milyon avro olan dəbdəbəli “Kerzner International” istirahət mərkəzi inşa ediləcək.
ARDNŞ bağlı yayılan bu xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Vətəndaşların bəlli bir qismi hesab edir ki, ARDNŞ-ın bu fəaliyyəti onun statusu ilə bir araya sığımır və habelə yüz milyonlarla dollar vəsaitin xarici deyil, ölkədaxili layihələrə sərf edilməsi Azərbaycanın maraqları baxımından daha məqsədəuyğundur.
Moderator.az-a açıqlama verən iqtisadçı-ekspert İlham Şaban isə hesab edir ki, ARDNŞ-ın “Kerzner International” istirahət mərkəzinin inşası ilə bağlı yayılan xəbərlərin heç də hamısı həqiqəti əks etdirmir:
“ARDNŞ tərəfindən imzalanan bu layihənin dəyərinin 500 milyon avro olduğu ilə bağlı yayılan xəbərlər əsassızdır. Onun qiyməti 330 milyon avrodur və layihə imzalanan kimi ATA Turizm şirkətinə verilib. Bununla bağlı SOCAR prezidentinin də açıqlaması oldu. Azərbaycan şirkətlərinin xarici ölkələrdə reallaşdırdığı bu layihələrin əhəmiyyətinə gəlincə, deyə bilərəm ki, bu layihələrin əhəmiyyəti böyükdür. SOCAR-ın Türkiyədəki layihələri işə düşəndən sonra gəlirlərinin 75%-ni Azərbaycandan kənarda formalaşdıracaq. Ölkə daxilində neft hasilatı demək olar ki, ən aşağı həddə düşəndə xaricdəki layihələr hesabına faydalanacaq. Balkanlardakı layihə isə bildiyimə görə, 99 il müddətinə imzalanıb. Bu da ATA Holdinqin yeni bir gəlir mənbəyi olacaq. Əslində Azərbaycandan kənarda işləyən Azərbaycamn şirkətləri SOCAR-dan savayı tək-tükdür. Əgər onların sayı heç olmasa 10 iri şirkət səviyyyəsində olsaydı, bu özü Azərbaycan iqtisadiyyatı üçün böyük uğur olardı”.
Seymur Əliyev