Moderator.az-a daxil olan məlumata görə, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə İSO/İEC 20000 “Information technology - Service management” standartının tətbiqi istiqamətində təlimlər başlayıb. Məlumatda deyilir:
“Müasir informasiya texnologiyaları sahəsinin ən önəmli və daim yenilənməyə yönəldilmiş sistemlərdən biri informasiya texnologiyaları idarəetmə sistemidir və bu sistemi tənzimləyən İSO/İEC 20000 “Information technology - Service management” beynəlxalq standartlar toplusudur. İSO/İEC 20000 standartı informasiya texnologiyaları (İT) xidmətlərinin idarəedilməsi üzrə əsas amilləri, onun müəssisələrdə dəstəklənməsini və həyata keçirilməsi istiqamətində tələb olunan məsuliyyəti ətraflı təsvir edir, biznesin tələblərinə uyğun olan və rəhbərliyin tam nəzarəti altında keyfiyyətli İT xidmətlərinin göstərilməsi istiqamətində məqsədli sistemin qurulmasını özündə cəmləşdirir.
Həmçinin daxili və xarici müştərilərə İT xidmətlərinin göstərilməsi üzrə prosedurların aydın təsviri İSO/İEC 20000 standartında öz əksini tapır. Qeyd olunan standart İT İnfrastruktur Kitabxanasının (İTİL) ən uğurlu təcrübələri əsasında hazırlanmışdır. Standartın istifadəçiləri əsas fəaliyyət istiqaməti üçüncü tərəflərə (xidmət təşkilatları, sistem inteqratorları, proqram təminatı şirkətləri, hosting şirkətləri, məlumat mərkəzləri, işə götürmə və s.) İT xidmətləri göstərən şirkətlər, fəaliyyəti İT xidmətlərinin keyfiyyətindən asılı olan iri təşkilatlardır (dövlət strukturları, telekommunikasiya, maliyyə strukturları və s.).
Cari ilin 3 mart tarixində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO/İEC 20000 “Information technology - Service management” standartının tətbiqi istiqamətində informasiya texnologiyaları idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə 3 günlük təlimlər işinə başlamışdır. Təlimlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri ilə yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Dövlət Neft Fondu və ölkəmizdə fəaliyyət göstərən İT firmaları, bankların İT üzrə nümayəndələri iştirak etmişlər. Britaniya Standartlari Institutunun auditoru Dmitriy Baxtin tərəfindən aparılan təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılar İSO/İEC 20000 “Information technology - Service management” standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri barədə Britaniya Standartlar İnstitutunun (BSİ) rəsmi sertifikatı ilə təltif olunacaqlar”.