Qondarma ittihamlarla 3 il azadlıqdan məhrum edilərək Bakı İstintaq Təcridxanasında saxlanılan məhşur hüquqşünas Qurban Məmmədov Moderator.az-a növbəti qalmaqallı yazı göndərib, onu kiçicik ixtisarla təqdim edirik:
Hakimiyyət siyasi rəqiblərinə qarşı siyasi metodlarla mübarizə apara bilmədiyinə görə terrora əl atıb -siyasi-mənəvi terrora. Terror üsulu kimi də canlı bombalardan istifadə edib - Eynulla Fətullayev.
Bu zavallılar jurnalist Xədicə İsmayılovanı susdura bilmədilər, qərara gəldilər ki, “canlı bomba” vasitəsi ilə Xədicə xanımı və onunla birlikdə ələ ala bilmədikləri, sındıra bilmədikləri, nüfuzdan sala bilmədikləri müxalifətçiləri də ləkələsinlər.
E.Fətullayev öz adını da salmaqla X.İsmayılovanın adından guya sonuncunun amerikanlara ötürdüyü siyahını dərc elədi. Siyahı elə ustalıqla hazırlanıb ki, onun “doğruluğuna” şübhə yeri qalmır. Amma axı adı siyahıda olanların bir çoxunun, həmçinin “canlı bomba”nın özünün də rejimə xidmət etməsi hamıya, o cümlədən, amerkanlara çoxdan məlumdur.
Əsas məqsəd isə Xədicə xanımı və bizi - real müxalifətçiləri gözdən, nüfuzdan salmaqdır.
Fikir verin: Xədicə xanım Amerika kəşfiyyatına, bəzi müxalifətçilər də indiki rejimə (Azərbaycanın kəşfiyyatı, təhlükəsizlik orqanlarına yox!!!) xidmətdə, yəni separatçılıqda ittiham edilir.
Əslində ictimai rəyi çaşdırmağa cəhd edilir. “Canlı bomba”nı ANS-in bazar günü “Hesabat” verlişində Mirşahinin qonağı - keçmiş MTN əməkdaşı Mirsaleh Axundov sadə bir məntiqlə ifşa etdi.
Mirsaleh bəy amerikalı cənablar barədə dedi: “İndiki dövrdə kimin kəşfiyyat orqanlarında çalışmasını, haralarla əməkdaşlıq etməsini müəyyən etmək çox asandır”. Yəni keçmiş MTN əməkdaşı demək istədi ki, əgər Azərbaycan kimi korrupsiya və rüşvət içində boğulan bir dövlət Xədicə xanımın açıq görüşdüyü o iki nəfər senat əməkdaşının (Con Zadrozni və Daniel Vajdiç) Amerikanın kəşfiyyat orqanlarına çalışdığını belə asanlıqla müəyyən edə bilirsə, Amerikanın kəşfiyyat orqanlarının da Azərbaycanda kimin-kimə işləməsini müəyyən edə bilməsi o qədər də çətin deyil. Bunun üçün Xədicə İsmayılova və ya bir başqasının siyahı təqdim etməsinə ehtiyac yoxdur.
Öz adımızdan əlavə edək ki, Mirsaleh Axundovun sözünə qüvvət, indiki hakimiyyətə kimin işləməsini müəyyən etmək üçün, 09 oktyabr 2013-cü il tarixli prezident seçkilərində iştirak edənlərin mövqeyini, seçkilərdən qabaq və ondan sonra kimin hansı addımlar atdığını analiz etmək və “Yeni Müsavat”, “Azadlıq” qəzetlərini oxumaq kifayətdir. Hamısı “canlı bomba” kimi açıq oynayır, siyahı verməyə ehtiyac yoxdur ki...
Ən vacibi isə, “canlı bomba”nın siyahısına ”“ dezinformasiyasına verilən reaksiyalara diqqət edin. Adamlar özlərini bir daha təsdiq edirlər: bu dezinformasiyaya görə Xədicə xanımı qınayanlar, ona hücum edənlər rejimə işləyənlərdir. Çünki rejimə işləməyən, lakin adı siyahıda olan şəxslər gözəl bilirlər ki, belə bir siyahı Xədicə xanım tərəfindən verilə bilməz. Məqsəd: özlərini “partlatmaqla” real müxalifəti gözdən salmaq, ictimai rəyi çaşdırmaq, Milli Şuraya olan inamı sarsıtmaqdır.
P.S. “CNN”, “Əl-Cəzirə”, “TRT” xəbər verir: Azərbaycanda “canlı bomba” özünü müxalifət düşərgəsində partladıb. Ölən və yaralanan yoxdur. Xədicə xanım və real müxalifətçilər hamısı sap-sağlam yerlərindədirlər.
14 fevral 2014
Bakı Apellyasiya Məhkəməsindən reportaj
Qurban Məmmədov