Son vaxtlar sabiq ABU rektoru Elşad Abdullayev olayı ilə bağlı tam bir susqunluq müşahidə edilməkdədir. Halbuki, həm E.Abdullayev tərəfindən səsləndirilən, həm də sabiq ABU rektorunun özünə qarşı irəli sürülən bir çox ittiham var ki, onların araşdırlılması və bunun nəticələri ilə bağlı ictimaiyyətin məlumatlandırılması zəruridir.
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran hüquqşünas Əyyub Kərimov proseslərin görünən tərəfindən çıxış edərək heç bir irəliləyişin müşahidə edilmədiyini vurğuladı:
“Təbii ki, bu barədə istintaq orqanları daha dəqiqi bilgi verə bilər. Habelə, çox güman ki, mənim hörmətli hüquqşünas həmkarım Adil İsmayılov da bununla bağlı daha dolğun məlumata sahibdir. Çünki E.Abdullayevin Azərbaycandakı təmsilçisi odur. Ola bilsin ki, istintaq orqanı bildirsin ki, istintaq sirri olduğu üçün məlumat verə bilmərik. E.Abdullayevin özü tərəfindən səsləndirilən fikirlər isə bundan ibarətdir ki, heç bir istintaq işi aparılmır. Prezident tərəfindən yaradılan istintaq qrupu hələlik dələduzluq faktorundan başqa heç bir araşdırması ilə diqqət çəkmir. Yəqin ki, istintaq orqanı Mahir Abdullayev məsələsində bir qarış da irəli gedə bilmir. Hər halda, mən belə düşünürəm. Qalan məsələlərlə bağlı E.Abdullayevin özü məlumat verməlidir. Ona nə məlum olduğu, hansı cavabların verildiyini söyləməklə son durumla bağlı daha aydın mənzərənin yaranmasına kömək edə bilər. Bildiyiniz kimi, E.Abdullayev Baş Prokurorluğu istintaqın süründürməçiliyi və istintaq hərəkətlərinin olmaması ilə bağlı məhkəməyə verib. Bunun özü də onun istintaqın gedişindən narazı olduğunu göstərir”.
Seymur Əliyev