“Taxt-tacı fəth etmək ”“ böyük əməldir!
Onu rədd etmək ”“ ilahi əməldir!”
F.Nitsşe
Son aylar Ukraynada baş verən qanlı olaylar və bu olaylar fonunda yüzlərlə insanın qətlə yetirilməsi hakimiyyətin əksəriyyət üçün əsla və əsla vazkeçilən olmadığını təsdiqləməkdədir. Şübhəsiz, bu, ilk növbədə hakimiyyətin özünün xarakterindən irəli gəlir. Çünki məhz hakimiyyət liderə heç bir özəlliyin bəxş etmədiyi qeyri-adi güc və inam hissi bəxş edir. Məhz hakimiyyət çox zaman ona sahib olan şəxsi sadəcə insanlara deyil, gözlə görünən hər şeyə, hətta günəşə belə hökm etməyin mümkünlüyünə inandırır. Bu baxımdan insanın hakimiyyətə olan bağlılığı, ona həmişəlik sahib olmaq istəyi başadüşüləndir. Lakin həyatdakı hər şey kimi hakimiyyətin də özünün mənfi, qorxunc və ölümcül özəllikləri mövcuddur.
Hakimiyyət ”“ bu elə bir tranpilindir ki, ordan ölümsüzlüyə də, lənət bataqlığına da qanadlanmaq mümkündür. Bu, ona sahib olan insana bütün zamanları, bütün sərhədləri aşan sonsuz sevgi də, sonsuz nifrət də qazandıra bilər.
Hakimiyyət liderə yalnız o zaman əbədi sevgi və ümumxalq məhəbbəti bəxş edir ki, bu hakimiyyətin tamamı xalqın maraqlarına, onun arzu və istəklərinə tabe edilsin. Yalnız belə olduğu təqdirdə hakimiyyət ona sahib olan liderə sonsuz sevgi və rəğbəti təmin edir. Corc Vaşinqtondan tutmuş Atatürkə qədər bir çox liderin ölümsüzlüyünün yeganə sirri budur.
Fəqət bu da bir həqiqətdir ki, hakimiyyətin verdiyi güc və yetkini xalqın maraqlarının təminatına yönəltmək, şüurlu surətdə milyonlardan imtina etmək, məcburiyyətsiz olaraq saf və təmiz qalmaq olduqca çətin, xəyal belə ediləməyəcək qədər çətin bir işdir. Elə buna görə də bu böyük və daxili savaşdan, bu gizli mübarizədən qalib çıxmaq çox az adama nəsib olur. Hakimiyyət çox zaman ona sahib olan şəxsi öz köləsinə çevirir. Hökmdar əsası, kral tacı liderə hər kəsdən daha özəl, daha ağıllı, daha üstün olduğunu təlqin edir. Məhz bu təlqin nəticəsində liderdə daxili bir korluq meydana gəlir. Qısa bir zamanda dil açan hakimiyyət əsası lideri inandırır ki, o, adi insan yox, fövqəlbəşər biridir və bu səbəbdən də milyonlarla insan kütləsinin ona boyun əyməsi nəinki normal, hətta qaçılmaz bir zərurətdir. Kral tacı liderə pıçıldayır ki, xalq pis dolanışığından, hüquqsuzluğundan şikayət edə bilməz. Çünki o, hətta var olduğu üçün belə liderə minnətdar olmalı, özünü lider qarşısında borclu və günahkar hiss etməlidir. Hakimiyyətin yolunu azdırdığı lider qısa zamanda inanır ki, o, həqiqətən də Allah tərəfindən seçilən biridir və onu ittiham etmək, ondan nə isə tələb etmək hüququ yalnız Allaha məxsusdur.
Məhz belə olduğu üçün lider xalqla adi bir oyuncaq kimi rəfdar edir. Lider hesab edir ki, xalqın başlıca vəzifəsi öz arzu və istəklərini onun arzu və istəklərinə uyğunlaşdırmaq olmalıdır və yalnız bundan sonra kimsə öz fərdi yaşamı haqqında düşünə bilər.
Hakimiyyətin azğınlaşdırdığı lider zamanla qorxunc bir canavara, öz xalqının qəniminə çevrilir. Bəzən bu azğınlaşma elə bir həddə çatır ki, lider kütləvi şəkildə öz xalqının qətlinə fərman verir, onu haqq səsini başqa bir xalqın mərmiləri ilə susdurmağa çalışır. Buna nümunə olaraq Leninin illər uzunu xalqların azadlıq arzusunu qan gölündə boğmasını, Yanukoviçin xalqın sərvətini qarət etməsinin ardınca öz həmvətənlərini rus snayperlərinin hədəfinə çevirməsini göstərmək olar.
Xalq və diktator arasında mübarizə, açıq və gizli qarşıdurma bəzən az, bəzən isə illər, onilliklər uzunu davam edə bilər. Lakin xalq sonda hökmən ona göstərilən qəddar, amansız münasibətin cavabını verir və günlərin bir günü özünü Allah səviyyəsində görən liderin tuncdan tökülən heykəlinin yerində qızıl bir unitaz peydə olur. Və bu unitaz xalqa zülm edən, onun haqqını sahiblənən hakimiyyətlərin şərəfsiz aqibətinin lal carçısına çevrilir.
Bəli, zamanı çatanda hakimiyyətdən imtina etməyi bacarmaq hakimiyyətə layiqliyin ən böyük isbatı, ən dəqiq göstəricisidir. Və Nitsşe haqlı olaraq belə hesab edirdi ki, bu böyük əməli yalnız ilahi əməl kimi xarakterizə etmək olar. Çünki başqa heç bir izah bu misilsiz mənəvi qəhrəmanlığı, bu ideal daxili paklığı, bu ağlasığmaz fədakarlığı xarakterizə etmək qüdrətinə malik deyil.
Seymur Əliyev