Müsavatın qurultayına 3 ay qalsa da artıq partiya daxilində və cəmiyyətdə İsa Qəmbərdən estafeti alacaq başqanın kimliyi üstündə şıdırğı müzakirələr başlayıb, hərə öz namizədinin adını açıqlayır. Maraqlıdır ki, bu prosesə partiya üzvü olmasa da hadisələrin gedişini izləyən çoxsaylı müşahidəçilər də həvəslə qoşularaq başqanlığa ən layiqli namizədin adını dilə gətirirlər.
Mühacirətdə olan satirik yazar Mirzə Sakit də Müsavatın ən şanslı namizədinin adını çəkib.
O Moderator.az-a açıqlamasında onun namizədinin niyə həbsdə olan Tofiq Yaqublu olması səbəbinə aydınlıq gətirib:
"Müsavat Partiyasına başqanlığa namizədlərdən hal-hazırda mən Tofiq Yaqublunu real namizəd kimi görürəm. Bu da mənim fikrim və arzumdur. Əlbəttə, Müsavat Partiyasında İsa Qəmbər bu illər ərzində partiyanı idarə edə bilmə gücünə malik olan başqa namizədlər yetişdirə bilib, lakin Tofiq bəy daha çox işıqlı insan olduğundan mən bu qənaətə gəlmişəm. Demirəm ki, o birilər işıqsızdır, amma Tofiq bəydəki güclü işığı o birilərində görmürəm."