Ötən gün Bakının meri
Hacıbala Abutalıbov “Sovetski”-də vətəndaşlarla görüşündə növbəti xoruzunu
buraxdı. Əslində bu xoruz Quba hadisələrinin baş verməsinə səbəb olan Qubanın
keçmiş icra başçısının, eləcə İsmayıllı hadisələrinə səbəb olmuş harınlamış
nazir balasının buraxdığı xoruzdan da böyük idi. O qədər böyük idi ki, iki
gündür sosial şəbəkələr, mətbuat orqanları bu xoruzdan danışır. Xoruz o qədər
böyük idi ki, hətta YAP-dan belə münasibət gəldi. Özü də kimdən-kimdən, bu
yaxınlarda Fazil Qəzənfəroğlundan “Adamyeyənlər” yazısına görə parlamentdə
xalqdan üzr istəməsini tələb edən YAP-çı deputat Siyavuş Novruzovdan. Söz yox
ki, Fazil bəy də onun cavabını heç də pis vermədi... Merin dediklərini yozan YAP funksioneri deyib: “Bunu başqa istiqamətə
yönəldirlər? Bu gün Azərbaycan adından danışmaq, ölkəni təmsil hüququnu
xalqımız prezident İlham Əliyevə həvalə edib. Hacıbala müəllim səsləndirdiyi
fikirdə bunu demək istəyir. Hər bir fikri başqa istiqamətə yönəltmək
müxalifətin peşəsidir ”. Necə deyərlər, cin başqa şeytan başqa, Siyavuş
müəllim... Hacıbala müəllim deyir ki, Azərbaycanda kişi yoxdur. Bir kişi var, o
da dövlət başçısıdır... Bəyəm camaat çörəyi qulağınamı yeyir? Quba hadisəsinin,
eləcə də İsmayıllı hadisəsinin səbəbi elə insanların təhqir olunması deyildimi?
O harınlar bir bölgənin əhalisini təhqir etmişdisə, merin sözündə bütün
Azərbaycan xalqına, eləcə də, yuxarıdan aşağı bütün dövlət məmurlarına çatacaq
təhqir var. Özü də elə təhqir ki, tam mentalitetimizə zidd olan. Quba və
İsmayıllı hadisələri göstərdi ki, xalq bütün məhrumiyyətlərə, zülmlərə və
özbaşınalıqlara, hətta mülkiyyətinin əlindən alınmasına belə dözər, amma həssas
yeri olan mentalitetimizin qəbul etmədiyi şəkildə təhqir olunmasına, qürurunun
sındırılmasına - bir sözlə heysiyyətinə toxunmağa dözməz. Mer cənabları bu sözü
işlətməklə nə demək istədiyini özü yaxşı bilir. O, bu ifadəni işlətməklə belə
bir mesaj da verə bilər ki, bu qədər haqsızlıq, ədalətsizlik, özbaşınalıq olan
yerdə etiraz etmirsinizsə, deməli kişi deyilsiniz? Qalxın!!! Bu sözlərdən sonra
cənab mer ya çıxıb xalqdan üzr istəməli, ya psixoloji testdən keçirilməlidir”.
Elman Abbasov