Düz bir aydan sonra Müsavatın hakimiyyətə verdiyi vaxt tamam olur. Xatırladaq ki, Müsavat Divanı həbsdə olan başqan müavini Tofiq Yaqublunun Novruz bayramınadək ölkədəki bütün siyasi məhbusların azad edilməyəcəyi təqdirdə 2015-ci ildə Bakıda keçirilməsi planlaşdırılan Birinci Yay Avropa Oyunlarının boykot kampaniyasına başlanılması təklifini qəbul edərək hakimiyyətə ismarışlarını çatdırmışdı.
Maraqlıdır, partiya bununla bağlı müttəfiq partiyalarla və ya ziyalılarla, ictimai-siyasi fəal şəxslərlə, gənclər təşkilatlarıyla iş aparırmı? Yaxud partiya daxilində tədbirlərin, boykot kampaniyasının nələrdən ibarət olacağı dəqiqləşdirlibmi?
Moderator.az Müsavat Divanının üzvü İkram İsrafilə müraciət edərək artıq yaxınlaşan bu kampaniya barədə partiyada hansı işlərin görüldüyünü və ya planlaşdırıldığını öyrənmək üçün ona aşağıdakı sualı ünvanlayıb:
“Hakimiyyətin bu şərti qəbul etməyəcəyini ilk gündən bilirdiniz. Elə isə Müsavatda Novruz bayramından sonra Birinci Yay Avropa Oyunlarını boykot kampaniyasına start verilməsi üçün hazırlıqlara başlanılıbmı?Bununla bağlı Divanda hər hansı müzakirələr aparılıbmı?”
İkram İsrafil bizi təəccübləndirəcək cavab verir: “Xeyir bəy, hələ bu barədə hər hansı ədbirlərə başlanılmayıb.”
Ola bilərmi ki, Müsavat bu qərarına yenidən baxsın? Yaxud onu bir qədər də ertələsin?
Bu sualımıza da keçmiş deputat qısa cavab verməyə üstünlük verir:
“Bu barədə Divanda hər hansı müzakirə olmadıgından nəsə deməyim düzgün olmaz. Amma zamanında biz bu kampaniyaya başalmaqda qərarlıyıq.”