2011-ci ildə “Ərəb baharı”ndan dolayı Azərbaycanda da başlanan siyasi aktivlik sosial şəbəkələr vasitəsi ilə keçirilən etiraz aksiyalarında özünü göstərməyə başlamışdı. Həmin ilin yaz aylarında Azərbaycanda bir neçə etiraz aksiyalarının keçirilməsi hakimiyyət orqanlarını ciddi narahat etdiyindən bu aksiyaların qarşısını almaq üçün repressiv metodlar işə salındı. 11 mart, 02 aprel və 17 aprel 2011-ci il tarixlərində keçirilən etiraz aksiyalarında iştirak edən müxalifətçilərdən onlarla insan ya həbs olunaraq qondarma cinayət məsuliyyətinə cəlb olundu, ya inzibati qaydada cəzalandırıldı ya da hakimiyyətin repressiya aparatından canını qurtarmaqdan ötəri ölkəni tərk etmək zorunda qaldı. Həmin aksiyalarda bir qrup ADP-çi gənclər də iştirak etdiyindən hakimiyyətin repressiv siyasətinin qurbanına çevrilmişdir. Həmin hadisələrin iştirakçısı olmuş ADP-çi gənc Elnur Ağayev polis və mülki geyimli şəxslər tərəfindən döyülmüşdü. O, həmin aksiyalardan sonra polis orqanlarına çağırılaraq məlum olmayan cinayət işi ilə bağlı ifadə verməsi tələb edilmişdi. E.Ağayev saxta və qondarma ittihamla həbs olunma təhlükəsini bildiyindən ölkəni tərk etmək zorunda qalmışdır. Sonradan məlum olmuşdur ki, guya E.Ağayev 17 aprel 2011-ci il tarixli aksiyada hansısa polis əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Halbuki, həmin aksiyanın iştirakçısı olan E.Ağayev özü polis və mülki geyimli şəxslərin zorakılığı ilə üzləşmişdi. Bu da hakimiyyətin köhnə metodudur. Polis və mülki geyimli şəxslər səni döyə və hətta öldürə bilər, amma sən, xüsusən də müxalifətçi özünü müdafiə də edə bilməzsən. Bu istəkdə bulunduğun halda cinayət məsuliyyətinə cəlb olunacaqsan. Sözsüz ki, həmin dönəmdə E.Ağayev ölkəni tərk etməsəydi, saxta ittihamla cinayət məsuliyyətinə cəlb olunaraq dəmir barmaqlıqlar arasına salınacaqdı. E.Ağayev ölkəni tərk etsə də, Azərbaycan hakimiyyətinin ona qarşı qəzəbi soyumamışdır. Çünki, dəfələrlə onun yaşadığı evə naməlum telefon zəngləri olunaraq harada olması ilə maraqlanmışlar. Sonradan məlum olmuşdur ki, onun barəsində axtarış elan olunub.
27 Fevral 2013-cü il tarixində E.Ağayevin yaşadığı mənzilə Ağır Cinayətlər Məhkəməsindən çağırış gəlib. Onu bu dəfə məhkəməyə guya hansısa cinayət işində ifadə verməyə dəvət ediblər. Əslində isə bu, onu elə məhkəmə salonunda həbs etmək üçün bir vasitə imiş. Həmin çağırış 20 noyabr 2013-cü ildə yenidən yollanılıb. Bu bir nəticə vermədikdə yaşadığı mənzilə yenə də telefon zəngləri olunaraq onun harada olması ilə maraqlanıblar. Ailə üzvləri onun ölkədə olmadığını bildirsələr də, həmin şəxslər Elnurun ailə üzvlərini onu gizlətməkdə ittiham ediblər və həbslə hədələyiblər. Bu hadisələrdən bir neçə ay keçdiyindən Elnurun valideynləri hər şeyin bitdiyini düşünsələr də ötən günlərdə baş verən hadisə onları sözün əsl mənasında şoka salıb. Belə ki, axşam vaxtlarında evlərinin qapısını döyən şəxslər özlərini Elnurun dostları kimi qələmə verdiyini bildirmişlər. Elnurun atası qapını açdıqda həmin şəxslər mənzilə zorakılıqla soxularaq Elnuru axtarmağa başlayıblar. Özlərini hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən həmin şəxslər bildirib ki, onlara Elnurun tapılmasını tapşırıblar. Həmin şəxslər Elnuru evdə tapa bilmədiklərinə görə onun valideynlərinə qarşı nalayiq ifadələr işlədərək və təzyiq edərək onun yerini deməyi tələb etmişlər. Elnurun valideynləri oğlanlarının ölkədə olmadığını bildirdikdə, həmin şəxslər daha da aqressiv davranmışlar. Bu hadisədən sonra onsuz da ürəyindən ağır cərrahiyyə əməliyyatı keçirən Elnurun valideynləri ağır psixoloji sarsıntı keçirmişlər və hal-hazırda da həyatları böyük təhlükə altındadır. Onlar bu təzyiqlərin son olacağını güman etmirlər. Bu təzyiqlər hələ də davam etməkdədir.