Moderator.az-a açıqlama verən Milli Şura üzvü Eldəniz Quliyev məlum qurumu təhdid edən təhlükələrdən bəhs edib. E.Quliyevin bildirdiyinə görə, Milli Şuranın hansısa siyasi partiyanın təsir dairəsinə düşmə təhlükəsi onu hər zaman narahat edən başlıca məsələlərdən biri olub: “Bildiyiniz kimi, Milli Şuranın hər hansı bir və ya bir neçə partiyanın təsir dairəsinə düşərək öz mübarizə fəlsəfəsi və öhdəsinə götürdüyü vəzifələrdən uzaqlaşacağı təhlükəsi həmişə "Domokl qılıncı" təki Milli Şuranın başı üzərində asılıb. Və mən də bu real təhlükə haqda KİV səhifələrində mütəmadi olaraq çıxışlar etmişəm. Çünki Milli Şura siyasi partiyaların birlik modeli yox, fərdlərin- avtoritarizmdən demokratiyaya keçidi konseptual olaraq əsas strategiya kimi qəbul edən şəxslərin, ictimai təşkilatların, gənclərin və s. koalisiyası kimi nəzərdə tutulmuşdu. Nəzərdə tutulmuş Milli Şura modelini məhz fərdlərin birliyi qismində saxlamaq çətin olsa da, biz həmişə, indinin özündə belə, bunun arzuolunmaz transformasiyalara uğramasını əngəlləməyə çalışırıq”.
E.Quliyev eks-spiker Rəsul Quliyevin Cəmil Həsənli barəsindəki fikirlərinə də münasibət bildirib:
“O ki qaldı, Rəsul Quliyevin Milli Şura sədri Cəmil Həsənli barədə bildirdiyi sərt fikirlərə, zənnimcə bu sayaq iddialardansa ortaya demokratik düşərgənin demokratik gücə çevrilməsi yönündə əməli və proqmatik fəaliyyət konsepsiyası qoyulsa daha məqsədəuyğun olar”.
Seymur Əliyev