Eks-spiker Rəsul Quliyev ənənəsinə sadiq qalaraq növbəti dəfə müxalifətdaxili prosesləri öz arşınıyla ölçərək Milli Şuranı AXCP-nn filialı adlandırıb və Cəmil Həsənliyə bu qurumdan uzaqlaşmağı məsləhət görüb. Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev, R.Quliyevin fikirlərinin əsassız olduğunu vurğulayıb:
“Təbii ki, bu fikirlər Rəsul bəyin öz fikri, öz yanaşmasıdır və tamamilə subyektiv fikirlərdir. Biz bütün subyektiv fikirlərə hörmətlə yanaşırıq. Reallıq isə tamamilə başqadır. Həm Milli Şuranın tərkibi, həm Milli Şurada cəmləşən insanlar, həm də bu qurumun yürütdüyü siyasət Rəsul bəyin fikirlərinin əksini ortaya qoyur. Insanlar Milli Şurada partiya mənsubiyyətinə görə deyil, fərdi şəkildə təmsil olunub. Sadəcə bir fakta diqqət çəkmək istəyirəm. Milli Şuranın tərkibində olan 20 nəfərlik Koordinasiya Mərkəzinin tərkibinə baxanda görərik ki, burada təmsil olunan insanlardan sadəcə beşinin siyasi mənsubiyyəti var. Həmin beş nəfərdən isə yalnız iki nəfər AXCP üzvüdür. Qalan insanların isə ümumiyyətlə partiya mənsubiyyəti yoxdur. Onlar ayrı-ayrı müstəqil şəxslər və ziyalılardır. Koordinasiya Mərkəzində təmsil olunan 20 nəfərdən 6-sı professordur. Burada həmçinin elmlər namizədi və dosentlər təmsil olunur. Məsələyə siyasi tərəfdən yanaşsaq isə görərik ki, Milli Şurada təmsil olunanların böyük əksəriyyətinin siyasi mənsubiyyəti yoxdur. Başqa sözlə desək, bu şəxslərin AXCP-yə aidiyyatı yoxdur. Odur ki, mən Rəsul bəyin fikirlərini düzgün hesab eləmirəm. Milli Şura heç bir partiyanın monopoliyasında deyil və heç bir partiyanın maraqlarına xidmət eləmir. Milli Şura yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir və yalnız bu maraqlar konteksindən çıxış edir”.
Seymur Əliyev