Bugünlərdə Moderator.az-a daxil olan məlumatda Bakının Novxanı çimərliyindəki “Aquapark” istirahət mərkəzinin sahibinin magistral yolu şəxsi mülkiyyəti elan etməsi ilə bağlı informasiya yer alıb.
Məlumatda bildirilir ki, obyektinə bitişik ərazidə özünə dəbdəbəli villa inşa etdirən iş adamı sovet dönəmindən çəkilən magistral yolun bir hissəsini şəxsi mülkiyyəti elan edib. Mənbə baş verənlərin ətraf ərazidə yaşayan insanlar tərəfindən ciddi narazılığa səbəb olduğunu qeyd edib:
“Magistral yolun zəbt edilməsi yaxınlıqdakı yaşayış məntəqələrində məskunlaşan insanlar tərəfindən ciddi narazılıqla qarşılanıb. Vətəndaşlar hesab edir ki, əlaqədar qurumlar prosesə müdaxilə etməli, bu rüsvayçılığın qarşısını almalıdır. Yaxın günlərdə mövcud prosesin insanların daha sərt reaksiyasına səbəb olacağı da istisna deyil”.
Mənbənin məlumatına görə, hazırda iş adamı magistral yolun kənarından keçən kommunukasıya vasitələrinin ərazidən köçürülməsini həyata keçirir və proses başa çatandan sonra magistral yol hasara alınacaq.
Maraqlıdır, iki gün öncə prezident müşavirədə xalqın bir nömrəli xidmətçisi olduğunu demişdi və hamını da xalqa xidmət etməyə səsləmişdi. Baxaq görək prezidenti sabotaj edən bu cür yolkəsən ərköyünləri cəzalandıracaqlarmı? İlham Əliyevin təbirincə desək, onların "pay"larını lazımınca verəcəklərmi?
Mövzunu diqqətdə saxlayacağıq.