Bir neçə gün əvvəl ölkə başçısının imzaladığı fərmanla “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” sənəd qüvvəyə mindi. Bu sənəd iş adamlarına nə vəd edir?
Moderator.az-ın sualını
cavablandıran Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin həmsədri
Elçin Qurbanov bu məsələyə nikbin yanaşmayanlardandır. Onun fikrincə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən əlavə və
dəyişiklik heç də xalqa qayğının ifadəsi deyil:
“Əvvəla, bu sənəddə
Məcəllənin tələblərinin pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Məcəllədəki bu müddəa ciddi rüşvət mexanizmini hərəkətə gətirəcək. Bundan sui-istifadə
ediləcəyinə heç bir şübhə yoxdur.”
Elçin Qurbanov yalnız
sözügedən sənədin deyil, həmçinin son zamanlar hazırlanmış bütün qanunvericilik aktlarının möhtəvasını bəzən o
qədər absurd hesab edir ki, hətta onların imzalanmadan əvvəl oxunduğuna belə
şübhəylə yanaşır: “Hərdən
qanunvericilik aktlarının tətbiqi barədə sərəncamlar, qanunlara edilən əlavə və
dəyişikliklər imzalanmamışdan əvvəl onların mahiyyətinin ümumiyyətlə,
araşdırılıb araşdırılmaması haqqında adamda ciddi şübhələr yaradır. Görəsən
onlar oxunurmu? Mənə elə gəlir ki, qanun sifarişçilərinin əməlləri
ALLAH-sızlığın ən yüksək amplitudasında qərarlaşıb. Axı bu gün tətbiq edilən
qanunlar və normativ aktlar sabah sizin gələcək nəsillərinizə də zərər verəcək.
Qanunçuluq qanuna sevgi və ədalət üzərində qurulmalı, mümkün qədər mötədil
xarakter daşımalıdır. Mərhum Heydər Əliyevin çox dəyərli və müdrik kəlməsini bu
yerdə xatırlamaq yerinə düşərdi. ”Ədalətsizliklə ədaləti bərpa etmək olmaz!”
Qanunların heç bir ədalət prinsipinə söykənmədən hazırlanmasının
yalnız düşmənləri sevindirəcəyinə inanan DİPMİB həmsədri öz fikirlərini bu
əsaslandırdı: “Qanun hazırlayan orqanlar bu cür anormal
hüquqi aktlarla vətəndaşları incitdiklərini başa düşməli və incidilən insanların azərbaycanlı
olduqlarını unutmamalı, bu hərəkətlərimizlə yalnız düşmənləri sevindirdiyimizi
anlamalıyıq. Necə ki, biz düşmən ölkə (işğalçı Ermənistan) əhalisinin çətin həyat
şəraitinə sevinirik, eləcə də buradakı əzab-əziyyətdən onlar zövq alırlar. Buna
əmin ola bilərsiniz ki, düşməni sevindirmək xəyanətdən də ağır cinayətdir.”
Ümumiyyətlə, son zamanlar hazırlanan qanunların mahiyyətinə
nəzər salanda onların rifaha deyil, zülmə və amansızlığa doğru istiqamət
aldığına inanan həmsöhbətimiz sanki bu aktlarla hər bir məmura öz sahəsində
yırtıcılığın yeni mərhələsinə başlaması üçün qanuni zəmin hazırlandığını
bildirdi.