Mərkəzi Bank tərəfindən avtokreditlərin verilməsi qaydalarında sərtləşmə tədbirləri barədə ölkədəki banklara göstəriş verilməsi, yəni yalnız ödəmə qabiliyyətini təsdiq edən arayışların təqdim olunmasından sonra kreditlərin ayrılacağı xəbəri cəmiyyətdə razılıqla qarşılanır. Digər tərəfdən bu gün qaytarılmayan kreditlərin həcminin bir milyard manata çatdığı halda haqlı bir sual ortalığa çıxır ki, görəsən Sahibkarlığa Kömək Milli Fondu xəttiylə fermerlərə və sahibkarlara verilən kreditlərin qaytarılmasında da anoloji problem yaşanırmı?
Millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyir ki, bu növ kreditlərin qaytarılmasında da müəyyən problemlər olsa da bunu banklar tərəfindən verilən istehlak kreditləriylə müqayisə etmək ədalətsizlik olardı.
Moderator.az-a açıqlamasında millət vəkili bildirir ki, əksinə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu çox yaxşı işləyir və regionların inkişafında müstəsna əhəmiyyət kəsb edən addımlar atır: “Bu qurum təkcə Qubada deyil, bütün regionlarda son illər bir çox uğurlu layihələr həyata keçirib. Kənd təsərrüfatının və bütövlükdə yerli sahibkarlığın inkişafında, kənd əhalisinin maddi durumunun yaxşılaşmasında bu fondun xidmətləri danılmazdır. Təklif edərdim ki, bu qurum daha iri layihələr həyata keçirilməsi üçün kreditlərin həcmini artırsın, xırda və nisbətən iri sahibkarlığın inkişafına yeni töhfələr versin. Eyni zamanda hesab edirəm ki, lazım gəlsə, yəni zərurət yaranarsa, bu vəsaitlərin də qaytarılmasına nəzarət gücləndirilməli, müvafiq sığortalayıcı tədbirlər görülməlidir.”