Milli Məclisin vitse-spikeri Bahar Muradova mediaya açıqlamasında cəbhə xəttində lokal hərbi əməliyyatların davam etdiyini, mövcud durumun kifayət qədər gərgin olduğunu vurğulayıb. Müdafiə Nazirliyinin verdiyi gündəlik informasiyalardan da cəbhə xəttində atəşkəsin kütləvi şəkildə pozulduğu, düşmənin diversiya qruplarının hücumlarının mütəmadi surətdə dəf edildiyi aydın görünür.
Moderator.az-a açıqlama verən “Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti” Azərbaycan Mərkəzinin direktoru, hərbi ekspert Ələkbər Məmmədov isə cəbhə xətindəki mövcud durumun kritikliyi ilə bağlı ölkə rəsmilərinin verdiyi açıqlamaların kifayət qədər şişirdildiyi qənaətindədir:
“Genişmiqyaslı hərbi əməlliyyatların başlanmasına inanmıram. Və bunların hamısını növbəti şou sayıram. Beynəlxalq aləmin icazəsi olmadan və Putinin qorxusundan mövcud hakimiyyətin müharibə etməyə cürəti çatmaz. Ola bilsin ki, həmişəki kimi atəşgah rejiminin pozulması faktı olubdur. Hakimiyyət bunu şişirdib bir tərəfdən əhalini qorxuzmaq, bu yolla ölkədə sabitliyi qoruyub saxlamaq istəyir. Digər tərəfdən isə beynəlxalq aləmə xox gəlir. Eyni zamanda da cəmiyyətimizi müharibə istəyən, özünü isə sulhsevər göstərmək istəyir. O biri tərəfdən də Putinin diqqətini özünə cəlb etməklə onunla münasıbətini yaxşılaşdırmaq istəyir. Mən dəfələrlə demişəm ki, Qarabağ problemi Azərbaycanın yürütdüyü səriştəsiz xarici diplamatiyasının nəticəsində üçüncü tərəf kimi beynəlxalq aləmin bu işə cəlb edilməsi, məsələnin həlli onlardan asılı vəziyyətə salınıbdır.
Bu, erməni tərəfinin son çıxışları ilə əlaqədar onlara cavabdır. Atəşkəsin pozulması birinci hal deyil. Bu cür atışmalar əvvəllər də olub. Hakimiyyət rəsmilərinin bunu cəmiyyətə hansı formada sıramalarına baxmayaraq, sonda hay-küy qoparılmasından başqa heç bir nəticə görünmədi. Həm də son vaxtlar cəmiyyət içində hakimiyyətin, vətəndaşların Qarabağı yaddan çıxarması haqda gedən söz-söhbətlərin getməsi də atəşkəsin pozulmasının şişirdilməsi səbəb ola bilər ki, ay camaat baxın, biz Qarabağı yaddan çıxarmamışıq. Bizim hakimiyyət bir güllə ilə bir neçə dovşan vurmağı artıq öyrənibdir”.
Seymur Əliyev