Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsinin sakinləri Moderator.az-a müraciət edərək qaz qıtlığından şikayətlənib. Sakinlərin sözlərinə görə, son vaxtlar abunəçilərin istifadəsinə verilən qazın həcmi azalıb ki, məlum fakt əraziyə cavabdeh qaz idarəsinin rəhbərliyi və sahə rəisləri tərəfindən də etiraf olunur: “İdarə yetkililəri bildirir ki, qazın azalması ilə bağlı baş idarəyə məlumat verilib və problemin həlli artıq “Azəriqaz”ın mövqeyindən asılıdır. Onlar bildirir ki, indiki məqamda problemin həlli ərazi üzrə qaz idarəsinin səlahiyyətləri çərçivəsində deyil və mövcud duruma görə məsuliyyəti baş idarə daşıyır. Camaat artıq qışın oğlan çağında soyuqdan donmamaq üçün odun ədarükünə başlayıb. Biz baş verənlərə izah tapa bilmirik, Bakının göbəyində qaz tapmırıqsa onu niyə xaricə satırıq?"
Mövcud vəziyyətlə bağlı saytımızın sualını cavablandıran “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyilənlərlə razılaşmadığını bildirdi:
“Nəinki Bilgəh, respublikanın heç bir ərazisinə verilən qazın həcmi azaldılmayıb. Çünki yanvar ayı qaza ən çox tələbat duyulan dövrdür. Tələbata uyğun olaraq da verilən qaz tənzimlənir. Buna görə də nə sərfiyyatın aşağı düşməsi, nə də rejimin dəyişilməsindən söhbət gedə bilməz. Havaların soyuması ilə qaza olan tələbat artır və bu səbəbdən də artan tələbat “Azəriqaz” tərəfindən tənzimlənir.
Bütün yaşayış məntəqələrinə verilən qazın həcmi gündəlik olaraq operativ qaydada tənzimlənir. Kiminsə konkret şikayəti varsa, gedib qaz idarəsinə yaxınlaşsın. Ola bilsin ki, problem onun mənzili ilə əlaqədardır. Amma ümumi bilgəhlilərin adından danışmaq doğru deyil. Bilgəh qəsəbəsinə tələbata uyğun qaz verilir”.
Seymur Əliyev