Bu xəbərdən-əməkdar artist Məhəbbət Kazımovun ölüm xəbərindən çox üzüldüm, çox kədərləndim...Çox heyf...Yaxşı sənətkar, yaxşı müğənni idi...Özünəməxsus üslubu, oxu tərzi, ifası , gözəl, dillər əzbəri olan mahnıları vardı...
Və ani olaraq düz 17 il öncəyə, 1997-ci ilin yayına-Məhəbbət bəylə ona və qardaşına məxsus olan "Azəri" şadlıq evində götürdüyüm müsahibəyə qayıtdım... Həmin vaxt Məhəbbət bəy güclə danışırdı, səsi güclə gəlirdi, əvvəlki hündürboy, cüssəli Məhəbbət Kazımovdan sanki əsər-əlamət qalmamışdı, çox arıqlamışdı, çünki şəkər xəstəliyindən əziyyət çəkirdi... Və müsahibə zamanı (təxminən 7-8 il, yəni, 80-nin sonlarından, 90-cı illərin ortalarına qədər səhnədə, ekranda görünmədi) unudulmasından, yada salınmamasından göz yaşlarını axıdaraq gileylənmişdi də...Hətta mənə təşəkkürünü də bildirmişdi ki, onu axtarıb tapmışam, yada salmışam...
O da yaxşı xatirimdədir ki, 1997-ci ilin yayında "525-ci qəzet"də işıq üzü görən həmin müsahibəsi o zaman yaxşı mənada səs-küyə səbəb olmuşdu...Həmin vaxtdan-müsahibədən sonra bütün televiziyalar, qəzetlər ondan ard-arda müsahibələr götürmüş, telekanallar öz efirlərinə dəvət etmişdilər...
...Müsahibədən bir neçə gün sonra təsadüfən yenidən Məhəbbət bəylə və qardaşı ilə (adını unutmuşam-onun yoldaşı bizim rayondan-Goranboydandır) həmin şadlıq evinin yaxınlıığnda (bacımgil o tərəfdə yaşayırdı) görüşmüşdüm və hər ikisi mənə də xüsusi minnətdarlığı, təşəkkürünü ifadə etmişdi... Qardaşı hətta, məni bağrına basaraq, üzümdən öpmüşdü və demişdi ki, yaxşı ki, heç olmasa siz qardaşımı unutmamısınız, onu bir daha Azərbaycan xalqının yadına salmısınız...
...Aşıq Ələsgərin də dediyi kimi, ölüm haqdır, çıxmaq olmaz əmrdən! Allah məkanını cənnətlik, məzarını behiştlik, qəbrini nurlu, ruhu şad etsin! Allah əzizlərinə, doğmalarına səbr versin! Bu dünyada doğma Laçınına qovuşa bilməsə də, heç olmasa, tezliklə ruhu Laçına-Laçınımıza qovuşsun. Amin!
Kamil Həmzəoğlu