Bəzən kədərdən gözlərim yaşla dolur, hönkür-hönkür ağlayıram. Ancaq çoxları ağlamağımı bir zəiflik əlaməti kimi qəbul edir. Axı məni güclü, cəsarətli, iradəli xanım kimi tanıyırlar. Halbuki mən də insanam, mənim də ürəyim, hisslərim, duyğularım, qəlbim var,mən də hərdən o göz yaşlarımı biruzə vermək istəyirəm. Bəzən mənim də tənha bir otağa çəkilərək doyunca ağlamağa, ürəyimi boşaltmağa ehtiyacım olur. Yox, sadəcə ağlayanda, mən tək qalmaq istəyirəm,göz yaşlarımı 4 divar,boş otaq və mən görməliyəm,istəmirəm ki insanlar mənim göz yaşlarımı görüb məni zəif bilib sevinsinlər,dost var düşmən var,biri adamı sevir,digəri sevmir.Ağlayanda gərək ya tək, heç kim görməyəndə ağlayasan,ya içində ağlayasan,yaxud da heç ağlamayasan,amma o da mümkün deyil,çünki,hərdən elə anlar, elə məqamlar olur ki, ağlamamaq qeyri-mumkündür. Və bu zaman otağımın ən gizli küncünə çəkilib ağlayıram. Heç kim bilmədən ağlayıram. İçimdəki acıları hiss edərək ağlayıram. Çünki artıq içimdə saxlaya bilmirəm. Bax, beləcə, ovundururam özümü. Həyatda elə insan varmı ki, bir dəfə də olsa ağlamasın? Məncə, yoxdur, ona görə ki, sevincdən də göz yaşları axıdırıq. Axi mən də insanam. Necə yəni, axı mən daş deyiləm,məni də bir ana doğub.Bəyəm mənim haqqım yoxdur.Mən çox,kövrək və həssas insanam.O üzdən də başqaları kimi, mən də kədərli günlərimi göz yaşlarımla ifadə etmək məcburiyyətində qalıram.Hərdən mənə elə gəlir ki, göz yaşlarım selə dönüb axacaq, çünki əlimdən başqa heç nə gəlmir, sadəcə, ağlamaq, ağlamaq istəyirəm, elə ağır anlarım olur ki,özümə nifrət etməkdən başqa əlimdən heç nə gəlmir,sadəcə ağlamaq və özümü təqsirləndirmək.Təqsirləndirmək ki,axı niyə mən bəziləri kimi qalınqabıq olar bilmirəm,hər şeyi ürəyimə salıram və buna görə əzab çəkirəm.Niyə hər şeyi vecimə alıram və daha da əsəbləşirəm. Bəyəm mən əsəblərimi küçədən tapmışam,əsəblərim dəmirdəndir?.Hətta elə olur ki, əsəblərim göz yaşlarıma belə sakitləşmir.Onlarda artıq öz etirazını bildirir. Bu məqamda hətta üsyan qaldırmaq istəyirəm, içimdəki o zəifliyi, həssaslığı boğmaq istəyirəm, amma göz yaşlarımla yox. Məgər biz bunun üçünmü yaranmışıq? Biz deyilikmi dünyaya gözəllik, yeni həyat bəxş edən, körpələri nəfəsimizlə isidən, yer üzünü şəfqətimizlə nura qərq edən? Mən hətta yıxılanda da ağlamıram, özümü ələ almağı bacarıram, yara nə qədər sızıldasa da, ağrı nə qədər əzab versə də dözürəm. Amma içimdə özümü yeyirəm, fəryad qoparır, od tutub yanıram, sadəcə, bu hissləri büruzə vermirəm. Canım ağrıyanda deyirəm: ”Ay ağrı, nə olar, içimdə ağla, özünü mənə içimdə göstər, üsyan qaldır, nə istəyirsən elə, amma başqalarına bunu göstərmə, axı mən güclüyəm, məni pərt etmə”. Bəziləri deyir ki, “Sənə ağlamaq, göz yaşı axıtmaq yaraşmır. Hanı o cəsarətli, üsyankar, çılğın qız? Biz alışmamışıq səni bu vəziyyətdə görməyə”. Mənim də onlara cavabım belə olur: “Siz mənim qəlbimə girib durumumu hiss etmirsiniz, ancaq əlinizdən təsəlli və məsləhətlər vermək gəlir,mənimlə birgə bu dərdi,bu kədəri bölüşə bilsəniz,mənim yerimdə olsanız,məni anlaya bilsəniz, onda mən bir daha ağlamaram,daha güclü olaram,ona görə də rahat buraxın məni”. Mən istəmərəm ki,mənim göz yaşlarımı düşmənlərim görsün,imkan vermərəm ki,onlar mənim bu durumumdan istifadə edib, zəifliyimi görüb sevinsinlər,gülsünlər,mənə zəif desinlər.Mən ağlamağı sevmirəm, amma ağlamağa məcburam,məcburam çünki mənə görə,mənim yerimə heç kim ağlamayacaq. Ağlamaqdan heç vaxt utanmıram, çünki mənim kövrək gəlbim, incə ürəyim var. Ağlamaq istəyəndə isə sadəcə özümə təssəli tapıb deyirəm: “Ağlama Leyla, sakitləş, sənin ağlamaq vaxtın deyil,güclü ol,mübariz ol,təmkinli ol,özünü əla al,cəsarətini heç vaxt itirmə, daima başın yuxarıda olsun, irəli get”.Mən də qadın kimi yaşamaq istəyirəm.Zəif, zərif, kövrək xanım kimi həyatımdakı acılı-şirinli xatirələrlə başbaşa qalmaq istəyirəm. Heç kəslə boş, mənasız mübahisələrə girməyən, hər cür roldan uzaq olan bir qadın kimi. O da var ki, əgər ağlaya biliriksə, deməli, hələ də insanıq.
Leyla Namazova